III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu
Bakı Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilib. Simpozium Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Simpoziumun açılış mərasimində Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, türk dünyası şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Simpoziumun Azərbaycan tərəfdən həmsədri, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 1919-cu il sentyabrın 1-də əsası qoyulan Universitet təkcə Azərbaycanda elmin və təhsilin əsas mərkəzi deyil, həm də milli ictimai fikrin formalaşmasında və inkişafında mühüm rol oynayan məbəddir. Xarici nüfuzlu universitetlərlə ortaq layihələrin həyata keçirilməsinə xüsusi önəm verən BDU-nun beynəlxalq əməkdaşlığında qardaş Türkiyə Respublikası ilə əlaqələr aparıcı yer tutur. Son 3 ildə BDU Türkiyənin 30-dan artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumlar imzalayıb. Bu gün öz işinə başlayan və iki gün davam edəcək III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu da qarşılıqlı əlaqələrimizə öz töhfələrini verəcək.
Əliş Ağamirzəyev vurğulayıb ki, Türkiyədə kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetlər tərəfindən keçirilən nüfuzlu Simpoziuma ilk dəfə 2022-ci ildə Bartın Universiteti, 2023-cü ildə isə Çankırı Karatekin Universiteti ev sahibliyi edib. Hər iki simpoziumda həmtəşkilatçı olan BDU bu il mötəbər tədbirə ev sahibliyi edir. Həmtəşkilatçı universitetlərlə yanaşı, Türkiyənin digər nüfuzlu universitetləri, o cümlədən Ankara, Hacettepe, İstanbul, Mərmərə, Atatürk, İstanbul 29 Mayıs universitetləri də Simpoziumun təşkilinə dəstək verib. Simpoziumun məqsədi müvafiq ixtisaslar üzrə kadr hazırlayan universitetlərlə birlikdə sahə üzrə prioritet istiqamətləri müəyyənləşdirmək, akademik fəaliyyəti və elmi tədqiqatları əlaqələndirməyə xidmət etməkdir.
Simpoziumun Türkiyə tərəfdən həmsədri, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri Ahmet Altay iki qardaş ölkənin informasiya və sənəd menecmenti sahəsində işbirliyinin faydalı olacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Kastamonu Universiteti, Çankırı Karatekin Universiteti, Atatürk Universiteti, İstanbul 29 Mayıs Universitetinin İnformasiya və sənəd menecmenti bölümlərinin rəhbərləri Hasan Sacit Keseroğlu, Coşkun Polat, Dündar Alıkılıç, Berrin Balkaş Yılmaz, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxışlarında Simpoziumun Azərbaycan və Türkiyənin elm, təhsil, mədəniyyət sahələrində əlaqələrinə mühüm töhfə verəcəyini bildiriblər.
Simpoziumun plenar iclasında BDU-nun dosenti Pərviz Kazimi “Yaşıl kitabxana konsepsiyası”, Kastamonu Universitetinin dosenti Güler Demir “Davamlı inkişaf və yaşıl kitabxanalar” mövzularında məruzə ediblər.
Simpoziumda ümumilikdə Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlər, professorlar, gənc tədqiqatçılar, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Türkiyənin bir sıra bələdiyyə kitabxanalarının, ölkəmizin kitabxana və muzeylərinin əməkdaşları 60-a yaxın məruzə ediblər. Məruzələr beş bölmə üzrə dinlənilib.