Təhsil müəssisələrinin, xüsusi ilə də ali təhsil ocaqlarının kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurması sosial sifariş və müasir dövrün əsas tələblərindən biridir. KİV-lə münasibətlər həm universitetlər, həm də ayrı-ayrı fakultələr səviyyəsində qurulur. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi media orqanları ilə yaxından əməkdaşlıq edir. Fakültə professor-müəllim heyətinin elmi-tədqiqat nəticələri, müxtəlif dövlət bayramları və əlamətdar tarixi günlərlə bağlı keçirilən konfrans, seminar, təlim və digər tədbirlər, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Fakültə Tələbə Gənclər Təşkilatının icra etdiyi layihələr və fəaliyyətimizin başqa istiqamətləri haqqında media vasitəsi ilə ictimaiyyəti məlumatlandırır. Media orqanları ilə iş prosesinin effektivliyinin artırılması vacib məsələ kimi davamlı olaraq fakültə rəhbərliyinin diqqətində saxlanılır. Bunun üçün fakültənin fəaliyyəti barədə müvafiq məlumatların kütləvi informasiya vasitələrinə operativ, dolğun və sistemli şəkildə çatdırılması, aidiyyəti elmi və ictimai təsisatlarla informasiya mübadiləsinin təmin edilməsi, media ilə səmərəli əməkdaşlıq əlaqələrinni inkişaf etdirilməsi prioritet vəzifə sayılır.