Fakültənin tarixi

Ulu Öndər Heydər Əliyev professor Abuzər Xələfova şöhrət ordeni təqdim edir

Azərbaycanda ali kitabxanaçılıq təhsilinə 1947/48-ci tədris ilindən başlanılmışdır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri Xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/59-cu tədris ilində həmin şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur. 2003-cü ildə fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. BDU Elmi Şurasının 18 yanvar 2023-cü il tarixli qərarı ilə fakültənin yeni adı İnformasiya və sənəd menecmenti kimi müəyyənləşdirilib.

Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində İnformasiya və sənəd menecmenti fakültəsi həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir. Fakültənin ilk dekanı Abuzər Alı oğluFakültənin dekanı Abuzər Xələfov dekan müavini     Tacəddin Quliyevlə (1970-ci illər) Xələfov olub. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, “Şöhrət” və “Şərəf” ordenli Abuzər Xələfov 1962-1970 və 1979-1993-cü illərdə fakültəyə rəhbərlik edib. 1970-1979-cu illərdə Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Əliyev, 1993-2012-ci illərdə Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov, 2012-2020-ci illərdə dosent Azad Qurbanov dekan vəzifəsində çalışıb. 2022-ci ildən filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Bayramov fakültənin dekanıdır.

Bu günə qədər fakültəni 6000-dən çox məzun bitirib. Fakültədə yüksək ixtisaslı milli kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahvediyev, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev, Əli Rüstəmov, Zöhrab Baxşəliyev, Almaz Abasova, Kəmalə Şeyxzamanova, Qəmzə Hacıyeva, Akif Cəfərov, Aşur Əliyev, Sənubər Mustafayeva və digər alim-pedaqoqların böyük xidmətləri olub.

Professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş Respublika Konfransının iştirakçıları (15 dekabr 2021-ci il)Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanı ilə informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması həyata keçirilir. Dövlət proqramı əsasında yeni yaradılacaq kitabxana-informasiya sistemində müasir infor­ma­siya-kom­mu­nikasiya texnologiyalarına yiyələnmiş ixtisaslı kadrların yetişdirilməsi zərurətə çevrilib. Bu məqsədlə fakültənin vəzifəsi yeni texnologiyalarla, müasir dövrün tələbləri səviyyəsində kitabxanalar, arxivlər, elm və infor­masiya mərkəzlərində informasiya daşıyıcılarının, çap və elektron nəşrlərin, sənəd­lərin toplanması, qeydiyyatı, qorunması, tən­zimlənməsi, emalı və istifadəsi ilə bağlı prosesləri və xidmətləri təşkil və tədqiq edən, dövlət və qeyri-dövlət təşkilatlarında rəsmi sənədləşmə işlərini, sənədlərin hərəkəti qaydalarını təşkil edən və tənzimləyən, peşəkar nəşriyyat fəaliyyətini təşkil və idarə edən, nəşriyyat-redaksiya proseslərini, dövlət və qeyri-dövlət təşkilatlarının, idarə və müəssisələrin ictimaiyyətlə əlaqələr işinin təşkilini həyata keçirən ixtisaslı mütəxəssislərin hazırlığını həyata keçirmək, bu istiqamətdə elmi tədqiqatlar aparmaq kimi müəyyən olunub.

Hazırda fakültədə təlim-tədris prosesi ilə 50 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültədə təhsil bakalavriatura, magistratura və doktorantura pillələrində üç dildə (Azərbaycan, rus, ingilis) həyata keçirilir. Bakalavr pilləsində 600-dən çox, magistr pilləsində 20-ə qədər tələbə təhsil alır. 20-dən çox doktorant isə fəlsəfə və elmlər doktorluğu proqramları üzrə elmi-tədqiqat işləri üzərində çalışır.

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət