Bakı Dövlət Universiteti İnformasiya və sənəd menecmenti fakültəsinin Həmkarlar İttifaqı Komitəsi 1934-cü ildən fəaliyyət göstərir. Fakültə Həmkarlar İttifaqı Komitəsinə müxtəlif illərdə professor Bayram Allahverdiyev, dosent Aşur Əliyev, dosent Mehmanəli Məmmədov, Sənubər Mustafayeva, dosent Nailə Mehrəliyeva, Nigar İsmayılova rəhbərlik ediblər. HİK-in İdarə Heyətinə 5 nəfər daxildir. 2019-cu ildən Fakültə həmkarlar İttifaqı komitəsinə Ellada Balayeva rəhbərlik edir.
Fakültə HİK-in çoxşaxəli fəaliyyətinə əməkdaşlar üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı, əmək hüquqlarının müdafiəsi, əmək intizamının möhkəmləndirilməsi, diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir. HİK, həmçinin əməyin mühafizəsinə dair norma və qaydaların tələblərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinə əməl edilməsini də diqqət və nəzarətdə saxlayır.
HİK əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin və İnformasiya və sənəd menecmenti fakültəsinin ictimai həyatında da fəal iştirak edir. Mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. HİK əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edir. Təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də fakültənin əməkdaşlarının ictimai həyata, təsərrüfat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsidir.