Tələbələrimiz Türkiyənin İstanbul şəhərindəki kitabxanaların iş təcrübəsini öyrəniblər
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən bir sıra kitabxanaların iş təcrübəsi ilə tanış olublar. Atatürk Mədəniyyət Mərkəzinin Kitabxanası, Bəyazid Dövlət Kitabxanası, Orxan Kamal Xalq Kitabxanası, Rami Kitabxanası, professor Fuat Sezgin və doktor Ursula Sezgin adına Elmlər Tarixi Kitabxanası və Ahmet Hamdi Tanpınar adına Ədəbiyyat Muzeyi Kitabxanasında olan tələbələrə kitabxanaların rəhbərliyi və əməkdaşları tərəfindən yüksək diqqət və qayğı göstərilib, qardaş ölkələrimiz arasında günbəgün inkişaf edən əlaqələrin kitabxana-informasiya infrastrukturunu da geniş şəkildə əhatə etdiyi vurğulanıb. Səfər zamanı tələbələrə Türkiyədə kitabxana işinin tarixi, mövcud durumu və perspektivləri barədə mühazirələr oxunub. İstanbul şəhərində yerləşən kitabxanaların fəaliyyəti, strukturu, innovativ iş metodları, sənəd dövriyyəsi, kitab fondu, rəqəmsallaşdırma prosesləri, oxucu kateqoriyaları, kitabxanalardan istifadə qaydaları, üzvlük üçün tələb olunan prosedurlar və s. barədə ətraflı məlumatlar verilib.
Tələbələr səfərin təşkilinə yaratdıqları şəraitə görə BDU rəhbərliyinə və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildiriblər, qardaş ölkədə təcrübə zamanı əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını vurğulayıblar.