Türkiyədə BDU-nun həmtəşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Beynəlxalq tələbə simpoziumu keçiriləcək
8-9 may 2026-cı il tarixlərində Türkiyə Cümhuriyyətinin Bartın şəhərində Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbələrin 6-cı Beynəlxalq simpoziumu Bartın Universitetinin ev sahibliyi ilə keçiriləcək. Türkiyənin İstanbul, Ankara, Hacettepe, Atatürk, Mərmərə, Çankırı Karatekin, Kastamonu, İstanbul 29 Mayıs, İstanbul Mədəniyyət, İzmir Katip Çələbi, Kırıkkale Universitetlərinin də akademik heyətinin və tələbələrinin iştirakı ilə keçiriləcək “Dəyişən bilgi texnologiyaları və elektron resurslar” mövzusunda simpoziumda informasiya və sənəd menecmenti sahəsində əldə olunmuş yeni nəticələr plenar və bölmə iclaslarında gənc tədqiqatçıların iştirakı ilə müzakirə ediləcək, elektron kataloq texnologiyaları sahəsində müasir problemlərin tədqiqi, sahənin aktual məsələlərinin yeni konseptual müstəvidə nəzərdən keçirilməsi, informasiya və sənəd menecmentinin innovativ elmi istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər irəli sürüləcək.
BDU tələbələri konfransda ölkəmizin rəqəmsal kitabxana-informasiya resurslarında Ulu Öndər Heydər Əliyevin irsinə və türk dünyasına dair ədəbiyyatın təhlili, inkişaf dinamikası, elmmetrik şərhi əsasında hazırladıqları təqdimatlarla çıxış edəcəklər. Simpozium çərçivəsində həmçinin BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşlarının Bartın Universitetinin tələbələrinə mühazirələr oxuması nəzərdə tutulur.
Ümumilikdə Beynəlxalq tələbə simpoziumunun keçirilməsi tələbələrin elmi-tədqiqatlara marağının artırılması, gənc tədqiqatçılar arasında elmi əməkdaşlığın təşviqi, yeni tədqiqat istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Simpozium haqqında daha ətraflı məlumatları aşağıdakı elektron ünvandan almaq olar:
https://bbyogrencisempozyumu.bartin.edu.tr/