Redaksiya-nəşriyyat işi kafedrası 1992-ci ildə yaradılıb. Kafedranın yaranması və formalaşmasında onun ilk müdiri, tarix elmləri doktoru, professor Bayram Vəli oğlu Allahverdiyevin mühüm xidmətləri olub.
2012-ci ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz İlyas oğlu Aslan rəhbərlik edir. Knyaz Aslan 500-dən çox elmi əsərin, o cümlədən kitabşünaslıq, nəşriyyat işi və redaktor fəaliyyətinin aktual problemlərinə dair 3 monoqrafiyanın, 20-dən çox tədris vəsaitinin, 100-dən elmi məqalənın müəllifi, “Azərbaycan Kitabxana Ensiklopediyası”nın yaradıcılarından və müəlliflərindən biri, çoxsaylı elmi, tədris və publisistik kitabın redaktorudur. 2011-ci ilin nəticələrinə görə BDU-da keçirilən “İlin alimi” müsabiqəsində I yerə layiq görülüb. 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən ona “Qabaqcıl təhsil işçisi” adı verilib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. O, 2017-ci ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Redaksiya-nəşriyyat işi kafedrası Azərbaycan Dövlət Nəşriyyatı, “Azərbaycan” Nəşriyyatı, Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi və digər qurumlarla işgüzar əlaqələr saxlayır, milli nəşriyyat-poliqrafiya sisteminin, eləcə də muzey menecmentinin formalaşdırılmasında iştirak edir.
Kafedranın professor-müəllim heyəti, doktorant və magistrantları tərəfindən yazılan elmi-tədqiqat işlərində irəli sürülən təkliflər bir sıra yeni layihələrdə nəzərə alınır. Kafedranın əməkdaşları Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya və muzey işi sahəsi üzrə islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərdə fəallıq göstərir, beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə, konfrans və seminarlarda iştirak edirlər.
Son illər ərzində kafedra müdirinin rəhbərliyi ilə bir doktorant, iki dissertant fəlsəfə doktorluğu dissertasiyasını hazırlayaraq müdafiəyə təqdim etmişdir.
Kafedrada çalışan alimlər son illərdə 3 monoqrafiya, 2 dərs vəsaiti, 30-dan çox fənn proqramı, 100-dən artıq elmi məqalə dərc etdirmişlər. Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq, 20-dən çox Respublika əhəmiyyətli simpozium və konfransda iştirak etmişlər.
Kafedra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil olan “Kitаbşünаslıq və Redaktor Sənəti” adlı еlmi jurnаl nəşr etdirir.
Kafedranın elmi istiqaməti Sənəd menecmentinin nəzəriyyəsi və metodikası kimi müəyyənləşdirilib.
Redaksiya-nəşriyyat işi kafedrası kitabçılıq işinin, nəşriyyat-poliqrafiya fəaliyyətinin və muzey menecmentinin nəzəri və metodiki aspektlərinin tədqiqi istiqamətində fəaliyyətini davam etdirir.