Alı Abuzər oğlu Xələfov — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.O, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1 elmlər doktoru və 10-dan çox elmlər namizədi (fəlsəfə doktoru) hazırlamışdır. 1946-cı ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, 1969-cu ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı, 1970-ci ildə "Şərəfli əməyə görə" medalı, 1971-ci ildə Ümumittifaq "Bilik" Cəmiyyətinin fəxri fərmanı, 1974-cü ildə "1973-cü il sosializm yarışının qalibi nişanı", 1976-cı ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı, 1977-ci ildə "1976-cı il sosializm yarışının qalibi nişanı"; 1979-cu ildə "İşdə əla müvəffəqiyyətlərinə görə" döş nişanı, 1981-ci ildə Azəbaycan Ali və Orta Ixtisas Təhsil Nazirliyinin fəxri fərmanı, 1984-cü ildə "N.K.Krupskaya" medalı, 1984-cü ildə "1983-cü il sosializm yarışının qalibi nişanı", 1985-ci ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı, 1987-ci ildə "Fəal işinə görə" nişanı, 1989-cu ildə "Əmək veteranı" medalı, 1995-ci ildə "Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı, 2000-ci ildə "Şöhrət" ordeni, 2000-ci ildə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı, 2001-ci ildə "Əməkdar elm xadimi" fəxri adı, 2001-ci ildə "Xeyriyyəçilik və maarifçilik" medalı, 2002-ci ildə Azərbaycanlı alim ABI-nin mükafatı, 2002-ci ildə "Təhsil sahələri üzrə nailiyyətlərə görə" mükafatı, 2004-cü ildə Amerikada "Ilin adamı-2004" seçilmişdir. 2005-ci ildə "İlin müəllimi" fəxri adı, 2006-cı ildə "Əlaçı təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsüdür. 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.