AĞAYEV İSLAM MƏMMƏD OĞLU

AĞAYEV İSLAM MƏMMƏD OĞLU

AĞAYEV İSLAM MƏMMƏD OĞLU

(1932-2014) Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub

İslam Ağayev - Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şairAzərbaycan Yazıçılar Birliyinin üzvü. İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində almışdır. 1952–1957–ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil almışdır. 1957–1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmiş, 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya - bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabı, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir. 1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir. İslam Ağayev 27 yanvar 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

"Arzu" adlı ilk şeiri 1953-cü ilin 17 iyununda Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetində çıxmışdır. Sonrakı illərdə "Gənclik nəğmələri" (1957), "Tər çiçəklər" (1959), "Duyğular" (1960) adlı ədəbi almanaxlarda hekayələri dərc edilmişdir. İslam Ağayev 1958–1960–cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində və "Bakı" axşam qəzetində rəsmi ştatdankənar müxbir olmuşdur. O, 20-ci əsrin sonlarından başlayaraq bədii yaradıcılıqla müntəzəm məşğul olmuş, azyaşlı uşaqlar üçün "Tez böyümək istəyirəm" (1977) və "Dostunu yaxşı tanı" (1981) adlı hekayə kitablarını, mənsur şerlərindən ibarət "Ayrılıq düşüncələri" (1995), "Salam olsun" (1997), "Sirli dünya" (2000), "Tale çiçəkləri" (2002),"Xəzan yarpaqları" (2007) kitablarını çap etdirmişdir. Bu illərdə onun "Azərbaycan gəncləri", "Ədəbiyyat qəzeti" və "Kredo" qəzetlərində bir sıra hekayə və şeirləri çıxmışdır. Azərbaycan kitabı (1870 – 1920-ci illərdə nəşr olunmuş Azərbaycan çap kitabının biblioqrafiyası), Satirik "Zənbur" jurnalı; Cəlil Məmmədquluzadə (həyatı və yaradıcılığı), "Molla Nəsrəddin"in poetikasi", ""Molla Nəsrəddin"in tarixi hünəri", Əliqulu Qəmgüsar (həyatı və yaradıcılığı); Əli Razi Şamçızadə (həyatı və yaradıcılığı, əsərlərindən seçmələr); Azərbaycan Xalq Cumhuriyyəti; Əlabbas Müznib (həyatı, yaradıcılığı, mübarizəsi); XX əsrin əvvəllərində Azərbaycan şeri; Əliabbas Müznib (həyatı, yaradıcılığı, əsərlərindən seçmələr); "Molla Nəsrəddin" – 100; Ədəbiyyat, mətbuat və publisistika problemləri elmi əsərlərinin müəllifidir.

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət