NAMAZOV QARA MUSTAFA OĞLU

NAMAZOV QARA MUSTAFA OĞLU

NAMAZOV QARA MUSTAFA OĞLU

(1930-2016) filologiya elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur

Qara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939-1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir. Qara Namazov 1949-1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir.1956-1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri" toplularında və qəzetlərində çap olunub. Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Qara Namazov universitetə daxil olduğu 1956-cı ildən universitetin həyatında, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş bir qayda olaraq respublikanın görkəmli yazıçıları, tanınmış elm adamları ilə görüşlər keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1971-ci ilin əvvəlindən Müasir Azərbaycan ədəbiyyatı  kafedrasında dosent işləyən Qara Namazov elmi-pedaqoji fəaliyyətini müasir Azərbaycan ədəbiyyatının aktual problemlərinə yönəltmiş, bu yöndə həm elmi araşdırmaları davam etdirmiş, həm də ümumi və xüsusi kurslardan mühazirələr oxumuşdur. Qara Namazov respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaratmışdır. 1974-cü ildə geniş həcmli uşaq ədəbiyyatı proqramı çap etdirdikdən sonra bütün tarixi mərhələləri əhatə edən dörd kitabdan ibarət toplu çap etdirmişdir: "Oğluma nəsihət", "Balalara töhfə" və iki cilddə "Azərbaycan uşaq ədəbiyyatı antologiyası". Antologiyanın birinci cildinə 1920-ci ildən müasir dövrə qədərki poeziyadan seçmələr, ikinci cildinə isə həmin dövrün nəsr nümunələri toplanmışdır. 1983-cü ildə ilk dəfə onun ali məktəb tələbələri üçün "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyi çap edilib. Aşıq yaradıcılığının öyrənilməsi istiqamətində orta yüzillərin aşıq və saz şairləri haqqında silsilə məqalələrinin mətbuatda işıq üzü görməsinə nail olub. O, ayrı-ayrı ustad sənətkarların öyrənilməsi ilə kifayətlənməmiş, 1980-ci ildə çap etdirdiyi "Aşığın sazı və sözü" monoqrafiyasında aşıq sənətinin kökünü tarixin dərin qatlarında axtarmağa başlamış, bu sənətin daha qədim dövrlərlə bağlılığına aydınlıq gətirmişdir. Qara Namazov 1987-ci ildə "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir. Qara Namazovun son illərdə bir sıra kitabları nəşr olunub: Qaçaq Kərəmin həyatından bəhs edən "Xalq qəhrəmanının şöhrəti" (2005), "Azərbaycan uşaq ədəbiyyatı" (ali məktəb dərsliyi, 2007), "El çələngi" (2004), 3 cilddə "Uşaq ədəbiyyatı antologiyası" (2004–2005), "Qaracaoğlan" (İ. Vəliyevlə birlikdə), özünün şeirləri, hekayələri və tərcümələrindən ibarət "Gecilmiş nəğmələr" (2008). O, Seyid Əzim Şirvaninin 3 cildliyini (müştərək), S. Vurğunun 1 cildlik seçilmiş əsərlərini nəşr etdirmişdir. Qara Namazov Klassik Azərbaycan ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının müdiri, Respublikanın əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü idi. Onun "Türkiyə ədəbiyyatçılar və kültür adamları ensiklopediyası"nda geniş tərcümeyi-halı çap olunmuşdur. Qara Namazov 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. O, 2016-cı ildə vəfat edib.

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət