BABULLAOĞLU SƏLİM

BABULLAOĞLU SƏLİM

BABULLAOĞLU SƏLİM

(1972) şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi

Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979-1989) M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990-1995) ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitet illərindən müxtəlif qəzetlərlə əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997-2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru, "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013-2016) vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub. Səlim Babullaoğlu 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Birliyin İdarə heyətinin üzvüdür. 2004-2014-cü illərdə AYB nəzdində qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin, "DƏB" (Dünya Ədəbiyyatından Books) və "Yeni DƏB" kitab seriyasının baş redaktoru, 2014-2021-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, 2021-ci ildən indiyədək AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, birliyin Qəbul Komissiyasının sədridir. Türkiyə Ədəbiyyat Vəqfi Azərbaycan təmsilçisi, TÜRKSOY Yazarlar Birliyinin vitse-prezidenti, Dünya Şairlər Hərəkatının (Movimiento Poetas del Mundo) Azərbaycandakı Fəxri səfiridir (2015). GUAM ölkələri yazıçılarının könüllü PenGUAM təşkilatının sədri olub (2008-2010), Qırğızısan Yazıçılar Birliyinin fəxri üzvü, Bişkek PEN Mərkəzinin üzvüdür (2006-cı ildən). Prezident təqaüdçüsüdür (2008). Bir çox milli və əcnəbi ədəbiyyat ödüllərinə layiq görülüb. Səlim Babullaoğlu ədəbi fəaliyyəti boyu ardıcıl poeziya tərcüməsi ilə məşğul olub, dünyanın onlarla məşhur şairinin şeirlərini Azərbaycan dilinə çevirib. "Sözün repressiyası", "Sözdən toxunmuş aləm" və bir çox sənədli filmin ssenari müəllifi və redaktorudur. Onun iştirakı ilə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"nın siyahısı hazırlanıb. Azərbaycan şeiri və nəsri, uşaq ədəbiyyatı antologiyaları, eləcə də "Azərbaycan qadın poeziyası antologiyası"nı hazırlayıb ki, bu kitablar da rus, ingilis, rumın, italyan, ərəb, ukrayna, polyak, monteneqro və macar dillərində çap olunub.

Qurucusu olduğu "Dünya ədəbiyyatı" dərgisinin Türkiyə, İsrail, Pakistan, İngiltərə, Ukrayna, Rusiya, Serbiya, Moldova, Rumıniya, İran və Oman ədəbiyyatı xüsusi sayları (Seyfəddin Hüseynlinin redaktorluğu ilə) dərc edilib. 2019-cu ildə onun rəhbərliyi ilə dahi Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar şairin ilk dəfə rumın dilində "Ənəlhəqq" (Sunt purul adevar)[41] — 650 misralıq qəzəl və rübailərindən ibarət kitabının tərcüməsi və nəşri gerçəkləşib. Onun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Ukrayna, Moldova və İran ədəbiyyatı günləri, Kişinyov və Kiyevdə isə Azərbaycan ədəbiyyatı günləri təşkil edilib. 2015-ci ildə onun rəhbərliyi və təşkilatçılığı ilə "I Bakı Beynəlxalq Poeziya Festivalı" keçirilib, festivalda 8 ölkədən 10 tanınmış şair iştirak edib. Ukraynada və Monteneqroda Azərbaycan yazıçılarının Qarabağ mövzusundakı əsərlərindən ibarət antologiyalar — "Bayraqdar" və "Qarabağ: tale hekayələri" onun tərtibçiliyi ilə tərcümə edilərək nəşr edilib (2021, 2022).

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət