YAQUBOV ZƏLİMXAN YUSİF OĞLU

YAQUBOV  ZƏLİMXAN YUSİF OĞLU

YAQUBOV ZƏLİMXAN YUSİF OĞLU

(1950-2016)Azərbaycanın xalq şairi (2005), ictimai xadim, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005) olub

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2008-ci ildə Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H. Z. Tağıyev adına mükafatla (1995), "Şöhrət" orde-ni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb. 5 oktyabr 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib. Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur. 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. 2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir. Şair harayı; Vətən yaralar; Sizi qınamıram; Ziyarətin qəbul olsun; Od aldığım ocaqlar 1986; Mən sənin qəlbinə necə yol tapım 2003; Böyük ömrün dastanı 2004; Qayıdaq əvvəlki xatirələrə 2004; Gözlərimin nurudu doğulduğum bu torpaq 2005; Mən bir dağ çayıyam 2006; Əbədiyyət dastanı 2008; Сказы саза 2008; Peyğəmbər (poema) 2009; Özün basdırdığın ağaca söykən (I cild); Özün basdırdığın ağaca söykən (II cild); Mövlana; Seçilmiş əsərləri; Məni sabahıma qovuşdur, ana; Seçilmiş əsərləri. 2020 ("Xalq əmanəti" layihəsi çərçivəsində) kitablarının müəllifidir. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət