ƏLİYEV ZÖHRAB HÜSEYN OĞLU

ƏLİYEV ZÖHRAB HÜSEYN OĞLU

ƏLİYEV ZÖHRAB HÜSEYN OĞLU

(1933-2019) professor, Əməkdar mədəniyyət işçisi, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri

Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü il mart ayının 22-də Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1949–1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsində təhsil almışdır. 1954-cü ildə M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (indiki Azərbaycan Milli Kitabxanası) biblioqraf vəzifəsində işləmiş, bir ildən sonra Mədəniyyət Nazirliyinin kitabxanalar üzrə metodisti vəzifəsinə keçirilmişdir. Yenidən BDU-ya qayıdan Zöhrab Əliyev 1956-cı ildə respublikamızda kitabxanaşünaslıq-biblioqrafiya ixtisası üzrə ilk aspirant olmuşdur.

1963-cü ildə Zöhrab Hüseyn oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika üzrə Müdafiə Şurasında "Azərbaycanda biblioqrafiya işinin inkişafı tarixindən (1920–1958)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır.

1970-ci ildə Z.Əliyevə dosent, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmədən, elmi yetkinliyini və qiymətli elmi-tədqiqat əsərlərinin müəllifi olduğu nəzərə alınaraq professor elmi rütbəsi verilmişdir. Ömrünün yarıdan çoxunu Biblioqrafiyaşünaslıq elminin inkişafına həsr edən alim 10 il BDU-da Kitabxanaçılıq fakültəsinin dekanı olmuş, 1984-cü ildən "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı Dövlət Universitetinin böyük Elmi Şurasının üzvü, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin vahid Elmi-Metodiki Şurasının Kitabxanaşünaslıq-biblioqrafiya bölməsinin sədr müavini kimi də fəaliyyət göstərmişdir.

Görkəmli alim, professor Zöhrab Əliyev zəngin elmi axtarışlarının nəticəsi kimi, Biblioqrafiyaşünaslıq elminə 50-dən çox məqalə, 10-a yaxın monoqrafiya, dərslik və dərs vəsaitlərini töhfə etmişdir. Onlardan "Azərbaycanda biblioqrafiya işinin vəziyyəti və inkişafı tarixindən (1945–1956)" (1960), "Kitabxanalarda məlumat-biblioqrafiya işinin təşkili" (1966), "Tövsiyə biblioqrafik vəsaitlərin tərtibi metodikası" (1967), "Biblioqrafiyanın nəzəriyyəsi və metodikası" (1973), "Azərbaycan biblioqrafiyasının tarixi (1920–1970)" (1978), "Ümumi biblioqrafiyaşünaslıq" (2001) və s. əsərləri bu sahədə təhsil alan tələbələr, elmi işçilər, tədqiqatçılar üçün olduqca lazımlı və əhəmiyyətlidir. Zöhrab Əliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, o, müxtəlif medallarla və fəxri fərmanlarla təltif edilmiş, 1980-ci ildə Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Zöhrab Əliyev 2019-cu il iyul ayının 31-də Bakı şəhərində vəfat etmişdir.

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət