Kitabxanaşünaslıq kafedrası 1947-ci ildə yaradılıb. Kafedranın yaradılması və formalaşmasında kafedra müdirləri dosent Əliheydər Bala oğlu Qəhrəmanov və Əməkdar elm xadimi, professor, Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin yaradıcısı Abuzər Alı oğlu Xələfovun mühüm xidmətləri olmuşdur.
Professor Abuzər Xələfovun rəhbərliyi dövründə kafedranın potensialı davamlı olaraq gücləndirilimiş, kafedra kitabxanaşünaslıq sahəsində elmi tədqiqatların mərkəzinə çevrilmişdir. Ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında professor Abuzər Xələfovun müstəsna xidmətləri vardır. Məhz Abuzər Xələfovun fəal iştirakı ilə 1962-ci ildə kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmişdir. Professor Abuzər Xələfov uzun müddət fakültənin dekanı və Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifələrində çalışmışdır. Professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi hesab olunur. Alimin 500-ə yaxın əsəri, o cümlədən fundamental monoqrafiyaları, dərslik və dərs vəsaitləri çap olunmuşdur. Professor Abuzər Xələfovun xidmətləri Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar elm xadimi” fəxri adlarına, Prezidentin fərdi təqüdünə layiq görülmüş, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilmişdir.
2016-cı ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov rəhbərlik edir. Elçin Əhmədov 120-dən çox elmi əsərin, o cümlədən Azərbaycanda kitabxana-informasiya fəaliyyətinə dair 4 dərs vəsaiti, 1 monoqrafiya, kitabxanaşünaslıq elminin nəzəri və təcrübi problemlərinə dair 50-dən çox məqalənin (onlardan 5-i indekslənən jurnallarda çap olunmuşdur) və 40-a yaxın proqram və metodik vəsaitin müəllifidir.
Kitabxanaşünaslıq kafedrası Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Firudin bəy Köcərli adına Respublika Uşaq Kitabxanası, Prezident Kitabxanası və digər qurumlarla işgüzar əlaqələr saxlayır, milli kitabxana-informasiya sisteminin formalaşmasında yaxından iştirak edir.
Kafedranın professor-müəllim heyəti, doktorant və magistrantları tərəfindən yazılan elmi-tədqiqat işlərində irəli sürülən təkliflər bir sıra yeni layihələrdə nəzərə alınır. Kafedranın əməkdaşları beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə, konfrans və seminarlarda müntəzəm iştirak edir, respublikamızda kitabxana-informasiya fəaliyyəti sahəsi üzrə islahatların həyata kecirilməsi ilə bağlı tədbirlərdə fəallıq göstərirlər.
Son illər ərzində kafedranının iki dissertantı fəlsəfə doktoru proqramı üzrə elmi işini müdafiəyə təqdim edib.
Kafedrada son illər ərzində 8 dərs vəsaiti və 50-dən cox elmi məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 20-dən cox Beynəlxalq, 30-dan cox Respublika əhəmiyyətli simpozium və konfranslarda iştirak etmişlər.
Kafedranın elmi istiqaməti Kitabxana-informasiya fəaliyyətinin nəzəriyyəsi və metodikası kimi müəyyənləşdirilib. Kitabxanaşünaslıq kafedrası kitabxana-informasiya fəaliyyətinin nəzəri və metodiki aspektlərinin tədqiqi istiqamətində fəaliyyətini davam etdirir.