MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti, Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə könüllülərinin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib.
İnformasiya və sənəd menecmenti fakültəsinin sədri Nigar Namazova müstəqilliyin xalqın azadlıq iradəsi və gələcəyini müəyyənləşdirmək haqqı olduğunu vurğulayıb, bu tarixi günün gənclər üçün böyük mənəvi dəyər daşıdığını bildirib.
Tədbirdə çıxış edən BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir dövr tarixi kafedrasının dosenti Rövşən Hətəmov Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesindən və milli dövlətçilik ənənələrinin qorunmasının vacibliyindən bəhs edib.
Tədbirin digər qonağı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent və Qarabağ müharibəsinin iştirakçısı Knyaz Aslan çıxış edərək Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, Vətən uğrunda göstərilən qəhrəmanlıq və Zəfər yolunun tarixi əhəmiyyəti haqqında fikirlərini bölüşüb. O, milli dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycanın müstəqilliyinin bərpasının tarixi əhəmiyyətini, milli dövlətçilik ənənələrini və müstəqillik uğrunda mübarizənin dəyərini əks etdirən şeir və musiqi nümunələri səsləndirilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.