ƏQLİ MÜLKİYYƏT MÖVZUSUNDA USTAD DƏRSİ
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə “Kitab mədəniyyəti və əqli mülkiyyət” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri, Əməkdar jurnalist, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu Akif Təvəkküloğlu məruzə edib. Natiq əvvəlcə əqli mülkiyyət anlayışını şərh edib, müəlliflik hüquqları və əlaqəli hüquqlar, onların həyata keçirilməsi və qorunma mexanizmləri barədə geniş məlumat verib. Qlobal informasiya mühitinin bu prosesə təsirinin elmi-nəzəri aspektlərini izah edib. Bu sahədə dövlət siyasətinin prioritetlərindən danışan məruzəçi ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulduğunu bildirib. Əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyindən bəhs edən natiq, sahənin hüquqi bazasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri barədə geniş məlumatları diqqətə çatdırıb.
Biliklər cəmiyyətində intellektual mülkiyyətin əhəmiyyətini vurğulayan məruzəçi əqli mülkiyyət fəaliyyətinin yalnız hüquqi və iqtisadi mexanizm deyil, eyni zamanda ideyaların, mədəniyyətlərin və yaradıcı düşüncənin qorunmasında əsas vasitə olduğunu qeyd edib. Bildirib ki, kitab mədəniyyəti müəllifdən oxucuya qədər olan prosesdə yaranan zəngin irsi ifadə edən sosial və intellektual hadisədir: “Bu prosesdə müəllif hüquqlarının qorunması, plagiat və piratçılıq halları ilə mübarizə, rəqəmsallaşma şəraitində əqli mülkiyyətin mühafizəsi kimi istiqamətlər mühüm əhəmiyyət kəsb edir”.
İnteraktiv müzakirə şəraitində keçən dərs zamanı əqli mülkiyyətin kitabxana işinə inteqrasiyası, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi, lisenziyalı yayım modelləri və müasir proqram təminatlarının bu sahəyə tətbiqi mövzularında geniş fikir mübadiləsi aparılıb.