TƏLƏBƏLƏRİN V RESPUBLİKA KONFRANSI KEÇİRİLİB
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransı keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Natiq BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, o cümlədən tələbələrin bu prosesə cəlb edilməsi istiqamətində atılmış mühüm addımlar barədə məlumat verib: “Bu mənada İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə davamlı olaraq keçirilən, artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyaların nəticəsi kimi” mövzusunda Respublika konfransı xüsusi əhəmiyyətə malikdir. Əminəm ki, artıq beçincisi keçirilən konfrans tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacaq, onların bu istiqamətdə gələcək fəaliyyətlərini təşviq edəcəkdir”.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının professoru Xəlil İsmayılov, Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Leyla Allahverdiyeva və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən bəhs ediblər, iştirakçılara uğurlar arzulayıblar. İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Rəşad Qardaşov konfrans barədə məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata maraq artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir: “Builki konfransda tədqiqat obyekti kimi regionlarda yerləşən ali təhsil və elmi-tədqiqat müəssisələrinin kitabxanalarının iş təcrübəsi seçilib”.
Respublika konfransında BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Sumqayıt Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin Əsaslı kitabxanasının, Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanasının, AMEA Şəki Regional Elmi Mərkəzinin kitabxanasının və Qarabağ Universitetinin Nəşriyyat və Kitabxana Mərkəzinin iş təcrübəsinin tədqiqi əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Təqdimatlarda regionlarda yerləşən ali təhsil və elmi-tədqiqat müəssisələrinin kitabxanalarında rəqəmsallaşdırma prosesləri, istifadə səmərəliliyi, elektron kataloqun axtarış imkanları barədə geniş məlumatlar verilib, müqayisəli təhlillər aparılıb, təkliflər irəli sürülüb.