XAQANİ ŞİRVANİ - 900

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslanın “Xaqani Şirvaninin yaradıcılığında elm, mütaliə və kitab mədəniyyəti” mövzusunda elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb. Direktor bu münasibətlə AMEA-da müxtəlif mövzularda tədbirlərin təşkil olunduğunu bildirərək, MEK-də keçirilən seminarın şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. MEK rəhbəri həmçinin ötən aylarda Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş virtual və ənənəvi sərgilərin kitabxana istifadəçilərinə təqdim edildiyini nəzərə çatdırıb.
Daha sonra məruzə ilə çıxış edən Knyaz Aslan orta əsrlər Azərbaycanında kitab mədəniyyəti tarixinin öyrənilməsində əlyazma kitabların, kitabxanaların və kitab köçürmə mərkəzlərinin fəaliyyətinin araşdırılması ilə yanaşı, dövrün şair, alim və mütəfəkkirlərinin kitab, bilik, mütaliə və yazılı söz haqqında düşüncələrinin də mühüm mənbə olduğunu bildirib. O, Xaqani Şirvaninin irsinin tədqiqinin Azərbaycanın tarixi, kitab və elm mühitini, eləcə də biliklərin əldə edilməsi, mənimsənilməsi və gələcək nəsillərə ötürülməsi kimi ümumbəşəri dəyərlərin köklərini daha dərindən anlamağa imkan verdiyini vurğulayıb.