27 SENTYABR – ANIM GÜNÜ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 sentyabr – Anım Gününə həsr olunmuş xüsusi dərs təşkil olunub. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Xüsusi dərs Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan mühazirədə Ermənistanın işğalçılıq siyasəti, artıq tarixdə qalmış Qarabağ münaqişəsinin başvermə səbəbləri, müharibənin ağır nəticələri barədə tələbələrə dolğun informasiya verib. Natiq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımların atılmasına məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını xüsusi vurğulayıb. Birinci Qarabağ müharibəsində hərbi jurnalist kimi fəaliyyət göstərmiş Knyaz Aslan həmin dövrdə müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda müharibə gündəliklərindən tarixi qeydləri oxuyub.
Məruzəçi Azərbaycan Respublikasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror tədbirləri nəticəsində ölkəmizdə əmin-amanlığın əbədi bərpa olunduğunu, torpaqlarımızdan separatçılığın kökünün biryolluq kəsildiyini vurğulayıb. Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın əziz xatirələrinin hər zaman xalqımız tərəfindən ehtiramla yaşadılacağını bildirib. Xüsusi dərsdə dosent Knyaz Aslan həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən, həyata keçirilən mədəni tədbirlərin əhəmiyyətindən, soydaşlarımızın öz doğma yurdlarına əbədi qayıdışından bəhs edib.