62-Cİ "KİTABXANA HƏFTƏSİ"

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Türkiyənin Bartın Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün birgə təşkilatçılığı ilə Türkiyədə keçirilən 62-ci “Kitabxana Həftəsi” tədbirləri çərçivəsində “Sərhədləri aşan bilik: Azərbaycanda informasiya və sənəd menecmenti” mövzusunda panel təşkil olunub.
Tədbirin moderatoru – Bartın Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün başqanı, dosent Ahmet Altay vurğulayıb ki, Türkiyədə 1964-cü ildən başlayaraq hər il keçirilən “Kitabxana həftəsi”nin məqsədi cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana-informasiya fəaliyyətinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Ahmet Altay qeyd edib ki, bu məqsədlə həftə boyu konfranslar, panellər, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edilir, tanınmış ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr, ustad dərsləri dinlənilir. Natiq bildirib ki, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi də 2021-ci ildən etibarən Türkiyədə keçirilən “Kitabxana həftəsi” tədbirlərində təşkilatçı qismində aktiv iştirak edir, bu çərçivədə qardaş ölkələrin kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetləri və sahə qurumları ilə əlaqələr müntəzəm inkişaf etdirilir, birgə ustad dərsləri, mühazirələr, beynəlxalq elmi konfranslar təşkil olunur.
Tədbirdə BDU-nun Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov və Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi müvafiq məruzələrlə çıxış edərək ölkəmizdəki kitabxana-informasiya mühiti, BDU-nun bu sahə üzrə kadr hazırlığında aparıcı rolu, beynəlxalq əməkdaşlıq, xüsusilə qardaş Türkiyənin ali təhsil müəssisələri ilə son illər inkişaf edən qaşılıqlı əməkdaşlıq, birgə elmi konfransların, panel və müzakirələrin, ustad dərsləri və elmi seminarların təşkili barədə geniş məlumat veriblər.
Panel çərçivəsində aparılan müzakirələr iştirakçılar tərəfindən maraqla dinlənilib, məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.