AĞDABAN SOYQRIMININ QURBANLARI ANILIB
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Ağdaban soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, “BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti fakültəsi üzrə sədri Nigar Namazova bildirib ki, Ağdaban soyqırımı 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətlərdən biridir. Soyqırım zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi yandırılmış, kəndin 800 nəfərə yaxın əhalisinə amansız işgəncələr verilmiş, kənd sakinlərindən 33 nəfər vəhşicəsinə öldürülmüşdür. Onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər uşaq, 7 qadın diri-diri yandırılmış, xeyli insan girov götürülmüş və itkin düşmüşdür. Hadisə zamanı klassik Azərbaycan ədəbiyyatının nümayəndələri Ağdabanlı Şair Qurbanın və onun oğlu Dədə Şəmşirin nadir və qiymətli əlyazmaları məhv edilmişdir.
Anım tədbirində BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov və fakültənin tələbələri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror əməliyyatları nəticəsində Ağdaban soyqırımının qurbanlarının da qisası alınıb. Artıq beşinci ildir ki, bu dəhşətli soyqırımının ildönümü əvvəlki illərdən fərqli olaraq yalnız ürək ağrısı ilə deyil, Qarabağın, Şərqi Zəngəzurun azadlığı şəraitində həm də qürur hissləri ilə qeyd olunur.
Tədbirin sonunda Ağdaban soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.