“AĞILLI ŞƏHƏR” KONSEPSİYASI

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədov ““Ağıllı şəhər” konsepsiyasında memarlıq və şəhərsalma sənədlərinin rəqəmsallaşdırılması” mövzusunda məruzə edib.
Əliyusif Məmmədov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə tətbiqi xarakterli araşdırmaların vacibliyini diqqətə çatdırıb. Xüsusilə rəqəmsal transformasiya və “ağıllı şəhər” texnologiyalarının inkişafı kontekstində elmi-tədqiqatların aparılmasının aktuallıq kəsb etdiyini bildirib.
Məruzədə müasir şəhər anlayışı izah olunub, bu anlayışın artıq rəqəmsal informasiya axınları üzərində qurulduğu vurğulanıb. “Ağıllı şəhər” konsepsiyasının əsas komponentləri, şəhərsalma və memarlıq fəaliyyətində rəqəmsal texnologiyaların rolu, bu sahədə sənəd resurslarının rəqəmsallaşdırılması prosesinin nəzəri və praktiki aspektləri geniş şəkildə təhlil edilib. Bildirilib ki, müasir şəhər idarəetməsində informasiya axınlarının effektiv təşkili, memarlıq və şəhərsalma sənədlərinin elektron mühitdə sistemli şəkildə idarə olunması və inteqrasiyası mühüm əhəmiyyət daşıyır.
Tədqiqat çərçivəsində şəhərsalma sənədlərinin (sxemlər, layihə sənədləri və s.) rəqəmsal formata keçirilməsi, vahid informasiya sistemlərində toplanması və istifadəsi məsələləri araşdırılıb. Sənəd əsaslı və rəqəmsal resursların qarşılıqlı əlaqəsi, onların struktur xüsusiyyətləri və funksional imkanları müqayisəli şəkildə təhlil olunub. Qeyd edilib ki, bu yanaşma şəhər mühitinin daha səmərəli planlaşdırılmasına, ağıllı şəhər həllərinin tətbiqinə, resursların optimal idarə olunmasına və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsinə şərait yaradır.
Elmi seminarda həmçinin “Smart City” mühitində memarlıq və şəhərsalma sənədlərinin rəqəmsallaşdırılması zamanı metadata standartlarının tətbiqi, informasiya təhlükəsizliyi, açıq məlumat platformaları və kitabxana-informasiya müəssisələrinin bu proseslərdə iştirakı məsələləri müzakirə olunub.