FAKÜLTƏDƏ “ELM GÜNÜ”NƏ HƏSR OLUNMUŞ DEBAT

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Elmi ədəbiyyatın redaktəsi” mövzusunda debat keçirilib.
Debatın moderatoru – BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan bildirib ki, elmi ədəbiyyatın redaktəsi mətnin elmi standartlara cavab verməsi, məntiqi ardıcıllığın təmin edilməsi və dil qüsurlarının aradan qaldırılması prosesidir. Bu proses həm məzmunun dürüstlüyünü, həm də texniki tərtibatın beynəlxalq tələblərə uyğunluğunu təmin edir.
Tədbirdə debat formatına uyğun olaraq bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrdən ibarət iki komanda formalaşdırılıb. Komandalardan biri onlara təqdim olunmuş müxtəlif elm sahələrinə dair mətnlər haqqında fikir söyləyərək terminlər, faktlar, statistik göstəricilər, dil standartları ilə bağlı öz arqumentlərini əsaslandırıblar. Digər komandanın üzvləri isə onların mülahizələrini geniş şəkildə müzakirə ediblər.
Sonda Knyaz Aslan tələbələrin suallarını cavablandırıb, cavablarını qiymətləndirib, bu kimi debatların tələbələrin tənqidi təfəkkürünün və elmi mətnlərlə işləmək bacarıqlarının inkişaf etdirilməsindəki rolunu vurğulayıb.