BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLİR
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu öz işinə başlayıb.
Türkiyənin Kastamonu Universitetinin ev sahibliyi ilə keçirilən simpoziumun açılış mərasimində Kastamonu Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün başqanı Həmid Dərviş iştirakçıları salamlayıb. Bildirib ki, Türkiyədə kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetlər tərəfindən təsis edilən Simpozium ilk dəfə 2022-ci ildə Bartın Universitetində, 2023-cü ildə Çankırı Karatekin Universitetində keçirilib: “III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu isə 2024-cü ilin noyabr ayında qardaş ölkəmiz Azərbaycanda BDU-nun ev sahibliyi ilə ən yüksək səviyyədə keçirildi. Mən bir daha ötən il Simpoziuma qonaqpərvərliklə ev sahibliyi etmiş Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığımızı bildirirəm”. Həmid Dərviş vurğulayıb ki, Simpoziumun davamlı keçirilməsində məqsəd müvafiq ixtisaslar üzrə kadr hazırlayan universitetlərlə birlikdə sahə üzrə prioritet istiqamətləri müəyyənləşdirmək, akademik fəaliyyəti və elmi tədqiqatları əlaqələndirməyə xidmət etməkdir. Açılış mərasimində çıxış edən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Türkiyə universitetləri ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib, son illərdə BDU ilə Türkiyənin 40-dan artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumların imzalandığını vurğulayıb: “Əminik ki, bu gün öz işinə başlayan və iki gün davam edəcək IV Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu da qarşılıqlı əlaqələrimizə öz töhfələrini verəcəkdir”.
Türkiyənin Hacettepe Universitetinin professoru Yaşar Tonta, Türk Kitabxanaçılar Dərnəyinin başqanı Ali Fuat Kartal, BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov çıxışlarında sənəd menecmenti, süni intellekt, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və s. kimi mühüm istiqamətlərdə aparılan tədqiqatlar və eyni zamanda gələcək hədəflər barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, 2 gün davam edəcək Beynəlxalq Simpoziumun 15 bölməsində ümumilikdə 70 məruzə, o cümlədən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaş və doktorantlarının 20-dən çox məruzəsi dinləniləcək.