BEYNƏLXALQ SİMPOZİUMUN YEKUN BƏYANNAMƏSİ
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkil etdikləri Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun Simpozium Dəyərləndirmə Toplantısında tədbirin yekun Bəyannaməsi qəbul edilib:
“Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkil etdikləri “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu 28-29 noyabr 2024-cü il tarixlərində BDU-nun ev sahibliyi ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirildi.
Günümüzdə informasiya mərkəzləri davamlı inkişafın aparıcı təsisatlarından biridir. Dəqiq məlumat əldə etmək, məlumatdan səmərəli istifadə, resursların düzgün idarə olunması qərar qəbuletmə proseslərini təkmilləşdirmək və innovasiyaları təşviq etmək baxımından olduqca vacibdir. İnformasiya texnologiyaları və məlumatların təhlili ekoloji, iqtisadi və sosial tərəfləri ilə davamlı inkişaf məqsədlərinə çatmaqda strateji rol oynayırlar. Xüsusilə, ətraf mühitin mühafizəsi, enerjinin idarə edilməsi kimi sahələrdə biliyə əsaslanan həllər həm cari ehtiyacların qarşılanması, həm də gələcək nəsillər üçün daha yaxşı bir dünyanın qurulmasına mühüm töhfələr verə bilər. Bu baxımdan informasiya mərkəzlərinin və informasiya idarəetmə sistemlərinin inkişafı və rəqəmsal infrastrukturun gücləndirilməsi davamlı inkişafın dəstəklənməsinin əsas elementləridir.
III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunda “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusu kontekstində bu məsələlər müxtəlif aspektlərdən müzakirə olunub. Eyni zamanda informasiya və sənəd menecmenti sahəsində digər mövzular da simpozium çərçivəsində tədqiq edilib.
Simpoziumda Azərbaycan, Türkiyə və Özbəkistandan ümumilikdə 67 iştirakçı məruzə ilə çıxış edib.
Simpoziuma yüksək səviyyədə qonaqpərvərliklə ev sahibliyi edən Bakı Dövlət Universitetinin rəhbərliyinə, həmçinin tədbirin birgə təşkilatçıları olan Türkiyə Cümhuriyyətinin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin rəhbərliyinə, Simpoziumun Təşkilat və Proqram Komitələrinin sədrlərinə və üzvlərinə, məruzəçilərə, iştirakçılara və tədbirin ayrılmaz bir parçası olmuş əziz tələbələrimizə minnətdarlığımızı bildiririk.
Simpoziumun yekun iclasında IV Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun 2025-ci ilin oktyabr ayında Kastamonu Universitetinin ev sahibliyi ilə keçirilməsinin təklif olunması qərar alındı.
İstanbul 29 Mayıs Universitetinin Simpoziumda tərəfdaş kimi iştirak etmək istəyi Simpoziumun təsisçiləri, o cümlədən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi, Türkiyənin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin Bilgi və bəlgə yönətimi bölümləri tərəfindən qəbul edildi və V Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun 2026-cı ilin oktyabr ayında İstanbul 29 Mayıs Universitetinin ev sahibliyi ilə keçirilməsinin təklif olunması qərar alındı.
Digər türk dövlətlərinin müvafiq sahələr üzrə kadr hazırlayan universitetlərinin də gələcək simpoziumlarda iştirakını təmin etmək üçün birgə fəaliyyətlərin həyata keçirilməsi barədə qərar qəbul edildi.
Hesab edirik ki, yüksək akademik səviyyəsi ilə seçilən III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu öz məqsədlərinə nail olub, gələcək əməkdaşlıqlar üçün yeni hədəflər müəyyən edib.
Əminik ki, türk dünyasında informasiya və sənəd menecmenti sahəsində birgə fəaliyyətimizlə sahənin inkişafına yeni töhfələr verə biləcəyik.
2025-ci ildə Kastamonu Universitetinin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan IV Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunda görüşmək ümidi ilə”.
Hörmətlə,
III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun Təşkilat Komitəsi