BİOLOJİ MÜXTƏLİFLİYİN QORUNMASI – SEMİNAR

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsində informasiya resurslarının rolu” mövzusunda seminar keçirilib. Tədbiri fakültə dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı açaraq bilidirib ki, 03 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ““Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Ötən müddət ərzində bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və eləcə də digər qurumlar tərəfindən Milli Strategiyanın həyata keçirilməsi üçün mühüm işlər görülmüşdür. O, vurgulayıb ki, bu sahədə xüsusilə insanların maarifləndirilməsi baxımından informasiya resursları da fəal rol oynayır və hazırda da bu fəaliyyət uğurla davam etdirilir.
Sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə təbrik edib, eyni zamanda bu günkü seminarda qoyulan mövzunun aktuallğından danışıb.
Seminarda Azərbaycan Televiziyasının “EKOetika TV layihəsi”nin müəllifi və aparıcısı Orxan Cabbarlı və BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə ediblər. Məruzələrdə mənfur qonşularımızın işğal edilmiş ərazilərimizdə ekologiyaya göstərdikləri vəhşi münasibətdən, törətdikləri qanlı cinayətlərdən də geniş şəkildə bəhs olunub. Hər iki məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib, kafedra müdirləri dosent Knyaz Aslan, dosent Elçin Əhmədov və başqaları edilən məruzələrlə bağlı fikirlərini bildiirib və məruzəçilərə çoxsaylı suallar ünvanlayıblar.
Sonda Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Nərmin Həsənzadə fakültənin tələbələri adından tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə, eyni zamanda məruzəçilərə təşəkkürünü bildirib.