DEKAN BARTIN UNİVERSİTETİNİN REKTORU İLƏ GÖRÜŞÜB
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Türkiyə Cümhuriyyətinin Bartın Universitetində olub. Fakültə dekanı səfər çərçivəsində Bartın Universitetinin rektoru, professor Ahmet Akkaya ilə görüşüb. Görüşdə rektora ölkəmizdəki təhsil mühiti, BDU-nun tarixi və bu günü, eyni zamanda fakültə barədə məlumat verilib. Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümü ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əməkdaşlığın müxtəlif platformalarda inkişaf etdirildiyi, indiyə qədər birgə beynəlxalq elmi konfransların, ustad dərsləri və elmi seminarların keçirildiyi diqqətə çatdırılıb.
Rektor Ahmet Akkaya ölkəmizin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığı yüksək qiymətləndirib. Bartın Universitetinin Ədəbiyyat fakültəsinin İnformasiya və sənəd menecmenti bölümünün başqanı, dosent Ahmet Altayın da iştirak etdiyi görüşdə fakültələr arasındakı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən akademik mübadilə proqramlarının əhatə dairəsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının mümkünlüyü, birgə elmi araşdırmaların aparılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin 2025-ci ilin mart ayında Bartın Universitetinin ev sahibliyi ilə birgə beynəlxalq tələbə elmi konfransının təşkil edilməsi təklifi irəli sürülüb.