DİSSERTASİYA İŞİNİN İLKİN MÜZAKİRƏSİ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Redaksiya-nəşriyyat işi kafedrasının dissertantı Afaq Məmmədovanın “Qarabağa dair bədii ədəbiyyatın nəşri: ənənələri, tərtibatı, redaktəsi” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Dissertasiya işi Qarabağ mövzusunda yazılmış bədii əsərlərin araşdırılması və öyrənilməsi, əldə olunmuş bilik və təcrübənin ümumiləşdirilərək təqdim olunması məqsədini daşıyır. Tədqiqat işində xüsusilə tarixi Zəfərimizdən sonra bu mövzuda yaranan əsərlər geniş təhlil olunur, ölkəmizin aparıcı nəşriyyatlarının mövzu üzrə çap məhsulları ad və tiraj göstəriciləri üzrə araşdırılır, bir sıra müqayisəli təhlillər aparılır. Bu əsərlərin xalqımızın yenilməzliyinin əbədiləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, həmçinin müharibələrin sosial-fəlsəfi mahiyyətinin izahı, davamlı sülhə və rifaha çağırış missiyası baxımından əhəmiyyəti qiymətləndirilir.
Dissertasiyanın nəticə hissəsində mövzuya yekun vurulur, problemin şərhi ilə bağlı ümumiləşdirmələr aparılır, tədqiqatın elmi, nəzəri və təcrübi yekunu ifadə olunur, bir sıra praktik əhəmiyyətli təkliflər irəli sürülür.