DOKTORANT LAMİYƏ ƏLİYEVANIN ELMİ SEMİNARI

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycanda uşaq publisistikasına dair sənəd axınının elmmetrik təhlili” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda fakültənin doktorantı Lamiyə Əliyeva məruzə edib.
Məruzədə Azərbaycanda uşaq publisistikasının formalaşması və inkişafı tarixinə nəzər salınıb. XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq sahənin inkişaf etdiyini bildirən doktorant və bu istiqamətdə fəaliyyət göstərmiş maarifçi ziyalıların, görkəmli ədiblərin rolunu xüsusi vurğulayıb. Araşdırmada uşaq publisistikası üzrə sənəd axını xronoloji inkişafda izlənilib, uşaq publisistikasının sistemləşdirilməsi və yayılmasında sahə üzrə yaradılmış biblioqrafik resursların mühüm rol oynadığı diqqətə çatdırılıb: “Uşaq publisistikası uşaq mətbuatının məzmununu formalaşdırır. Uşaq jurnalları və qəzetlərində dərc edilən məqalələr, esselər, oçerklər, reportajlar, xəbərlər, portret yazılar və s. uşaq publisistikasının nümunələridir. Bu əsərlər uşaqların ictimai, mənəvi, estetik inkişafına xidmət edir, onların milli və bəşəri dəyərlərə yiyələnməsində mühüm rol oynayır”.
Gənc tədqiqatçı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən uşaq publisistikası üzrə hazırlanmış müxtəlif biblioqrafik resursları təhlil edib, bu resursların ölkəmizdə uşaq publisistikasının inkişafını izləmək və eləcə də bu zəngin irsi qorumaq, gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Elmi seminar müzakirələrlə davam edib.