DOKTORANTIN ELMİ SEMİNARI KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Kitabxana-informasiya xidmətlərinin pedaqoji və sosial-psixoloji aspektləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı, ADA Universiteti Kitabxanasının əməkdaşı Vəfa Məmmədova məruzə edib.
Məruzədə müasir dövrdə kitabxana-informasiya xidmətlərinə verilən tələblər, bu sahədə meydana çıxan paradiqmalar şərh olunub, kitabxana mütəxəssisinin həm də pedaqoq kimi rolu önə çəkilib, oxucularla ünsiyyətin sosial-psixoloji cəhətləri araşdırılıb. Bildirilib ki, müasir dövrün kitabxana müxəxəssisi yüksək ixtisas dərəcəsinə malik olmaq, tədqiqat vərdişlərinə yiyələnmək, təqdimatları tədqim etmək, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini həyata keçirməklə yanaşı kitabxana xidmətlərinin pedaqoji və sosial-psixoloji mahiyyəti barədə də bilik və bacarıqlara malik olmalıdırlar. Qeyd olunub ki, kitabxana-informasiya xidmətlərinin həyata keçirilməsi zamanı bütün bu istiqamətlərin vacibliyi sahə üzrə qəbul edilmiş bir sıra mühüm sənədlərdə əksini tapıb: “Kitabxanaçılar mövcud resurslar vasitəsilə bütün istifadəçilərə ən yüksək səviyyədə xidmət göstərməli, bərabərhüquqlu xidmət siyasətini həyata keçriməli, bütün sorğulara dəqiq, qərəzsiz və nəzakətli cavabı təmin etməlidirlər”. Vəfa Məmmədova vurğulayıb ki, xidmət zamanı pedaqoji və sosial-psixoloji aspektlərin nəzərə alınması kitabxanalarla informasiya subyektləri arasında qarşılıqlı əlaqələrin və münasibətlərin yeni sistemini formalaşdırır, kitabxanaların informasiya cəmiyyətində sosial institut kimi daha çevik və dinamik rolunu şərtləndirir.
Elmi seminar müzakirələrlə davam etdirilib, məruzəçiyə suallar ünvanlanıb.