DOKTORANTIN ELMİ SEMİNARI

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Qarabağ mövzusunda bədii əsərlərin nəşri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının doktorantı Afaq Məmmədova məruzə edib. Məruzədə Qarabağ bölgəsinin Azərbaycanın poeziya, musiqi və maarifçilik beşiyi olduğu, tarixən bu mövzuda saysız-hesabsız sənət nümunələrinin, bədii əsərlərin yarandığı diqqətə çatdırılıb. Xüsuslilə tarixi Zəfərimizdən sonra bu mövzuda yaranan əsərlərin təhlili əsasında aparılan araşdırmada ölkəmizin aparıcı nəşriyyatlarının mövzu üzrə çap məhsulları ad və tiraj göstəriciləri üzrə təqdim olunub, bir sıra müqayisəli təhlillər aparılıb. Bu əsərlərin Vətən müharibəsində xalqımızın birliyinin, yenilməzliyinin əbədiləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, həmçinin müharibələrin sosial-fəlsəfi mahiyyətinin izahı, davamlı sülhə və rifaha çağırış missiyası baxımından əhəmiyyəti vurğulanıb: “Qarabağa həsr olunmuş bədii əsərlər, onların mövzu dairəsi, obrazlar sistemi, ədəbi-bədii, ictimai əhəmiyyəti ciddi şəkildə tədqiq olunmalıdır. Vətən müharibəsindəki tarixi qələbəmiz bu mövzuya yeni çalarlar gətirib, xüsusilə, Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası bu istiqamətdə olduqca mühüm addımdır”.
Doktorant haqqında bəhs olunan əsərlərin milli nəşriyyat sisteminin ən aktual mövzularından olduğunu vurğulayıb, bu ədəbi nümunələrin tərtibat xüsusiyyətlərinin, redaktor hazırlığının, poliqrafik icra keyfiyyətinin xüsusi həssaslıq və peşəkarlıq tələb etdiyini bildirib.
Elmi seminar müzakirələrlə davam edib.