DOSENT ELÇİN ƏHMƏDOVUN ELMİ SEMİNARI

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə onlayn elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Kitabxanaşünaslığın fəlsəfi amilləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə kitabxanaçılıq tədqiqatlarının səmərəlilik meyarına təsir edən fəlsəfi amillər təhlil edilib. Qeyd olunub ki, fəlsəfi amillərin kitabxanaşünaslıq tədqiqatlarında tətbiqi kitabxanaşünaslığın elmi-nəzəri metodologiyasını zənginləşdirir və eyni zamanda bu sahəyə öz töhfəsini verir.
Məruzədə bildirilib ki, elm fəlsəfəsinin, o cümlədən kitabxanaşünaslıq fəlsəfəsinin hələ çox əvvəllərdən tədqiq olunmasına, bu sahədə ciddi elmi əsərlər yazılmasına, kitabxana işi nəzəriyyəsinin və praktikasının müxtəlif sahələrində tətbiq edilməsinə baxmayaraq bu mühüm problemin Azərbaycan elmində yalnız müstəqillik illərində dərindən öyrənilməsinə başlanılmışdır. Elmin fəlsəfəsinin fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət etdiyini vurgulayan tədqiqatçı kitabxanaşünaslıq sahəsində bu istiqamətdə ciddi araşdırmaların professor Abuzər Xələfov tərəfindən aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, məruzədə qarşıya qoyulan əsas məqsədlərdən biri də tədris prosesində kitabxanaşünaslığın fəlsəfi amillərinin önə çəkilməsi, bu istiqamətin seçmə fənn kimi tədrisinin təklif olunmasıdır.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, dosent Pərviz Kazımi, dosent Nigar İsmayılova məruzə ilə bağlı fikirlərini bildiriblər.