ƏLİ BƏY HÜSEYNZADƏ İRSİNİN BİBLİOQRAFİK TƏDQİQİ

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi Vəzufə Xudiyeva mövzu ilə bağlı məruzə edib. Tədqiqatçı əvvəlcə “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli Sərəncamını xatırlatmış, dövlətimiz tərəfindən görkəmli mütəfəkkirin irsinə yüksək qiymət verildiyini vurğulamışdır. O, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli Qərarı ilə əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısında Əli bəy Hüseynzadənin də yer aldığını diqqətə çatdırıb. Məruzədə böyük mütəfəkkir, XX əsr ictimai fikir tariximizin ən görkəmli nümayəndələrindən biri, yazıçı-publisist Əli bəy Hüseynzadə irsi və onun haqqında sənəd axınının dinamikası, haqqında yazılan sənəd kütləsinin inkişaf meyilləri, coğrafi miqyası statistik baxımdan təhlil olunmuşdur. Qeyd olunmuşdur ki, Əli bəy Hüseynzadə irsi nəşr olunmuş 168 məqalə, 19 kitab, 16 rəsm əsəri və 115 əlyazmadan ibarətdir. Tədqiqatda həmçinin Əli bəy Hüseynzadənin həyatı və fəaliyyəti haqqında günümüzə qədər yazılan kitab, məqalə və tədqiqat işləri barədə ətraflı məlumat verilmiş, elektron resurslar diqqətə çatdırılmışdır. Araşdırmada Ə.Hüseynzadə irsi və haqqında yaranan sənədlər sisteminin inkişaf mərhələləri dövrləşdirilmiş, bir sıra müqayisəli təhlillər aparılmış, alınmış nəticələr barədə seminar iştirakçılarına məlumat verilmişdir.
Vəzufə Xudiyevanın məruzəsi polemikalara səbəb olmuş, məruzə ətrafında geniş müzakirələr aparılmışdır. BDU-nun kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, Elçin Əhmədov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvi və başqaları məruzə ilə bağlı fikirlərini bildiriblər.