“ELM GÜNÜ”NƏ HƏSR EDİLMİŞ SEMİNAR

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “İnformasiya menecmentində elmi paradiqmalar” mövzusunda seminar keçirilib.
Seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov mövzu üzrə məruzə edib. Məruzədə müasir çağırışların tələbi kimi meydana çıxan informasiya menecmentinin elmi əsaslarla öyrənilməsindən bəhs olunub. Elmi-tədqiqat obyektinin düzgün müəyyənləşdirilməsi və informasiya resurslarından səmərəli istifadə baxımından informasiya menecmentinin əhəmiyyəti vurğulanıb, bu sahədəki paradiqmalar təhlil edilib: “Tədqiqatçılarda informasiya resursları ilə işləmək bacarıqlarının formalaşdırılması, məlumatın əldə edilməsi, emalı və ötürülməsi prosesində akademik dürüstlüyə əməl olunması informasiya menecmentinin mühüm tələbləri hesab olunur”.
Seminarda iştirakçıların sualları cavablandırılıb, bu kimi tədbirlərin tələbələrdə elmi-tədqiqata marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.