“ELM GÜNÜ”NƏ HƏSR OLUNMUŞ MÜZAKİRƏ

Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası və BDU-nun İnformasiya və sənəd menecmenti fakultəsinin birgə təşkilatıçılığı ilə ”27 mart - Elm Günü”nə həsr olunmuş “Təbabət üzrə milli elmi irsin rəqəmsallaşdırılmasının menecmenti” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masanın əsas məqsədi təbiət və tibb sahələri üzrə milli elmi irsin rəqəmsallaşdırılması istiqamətində müasir idarəetmə yanaşmalarını, elmi informasiya resurslarının qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi mexanizmlərini müzakirə etmək olub. Bununla yanaşı, rəqəmsal mühitdə elmi biliklərin effektiv idarə olunması və əlçatanlığının artırılması məsələləri diqqət mərkəzində saxlanılıb.
Kitabxananın direktoru Yeganə Pirəliyeva elm və təhsilin inteqrasiyasının vacibliyini vurğulamış, elmi biliklərin sistemli şəkildə idarə olunması və gələcək nəsillərə ötürülməsində kitabxanaların mühüm rol oynadığını qeyd etmişdir.
Tədbirdə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri Nadir İsmayılov və Knyaz Aslan iştirak ediblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, milli elmi irsin rəqəmsallaşdırılması yalnız texnoloji proses deyil, həm də strateji idarəetmə məsələsidir. Onlar kitabxanaların, xüsusilə sahəvi elmi kitabxanaların bu prosesdə aparıcı rol oynadığını, müəllif–redaktor–kitabxanaçı əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.