ƏMƏKDAŞLARIMIZIN YENİ MONOQRAFİYASI

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovun və fakültənin elmi işlər üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Zahidə Rzayevanın həmmüəllif olduqları yeni monoqrafiya nəşr olunub.
“Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsində sənəd axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti” adlı monoqrafiyanın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Xəlil İsmayılov, rəyçiləri isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi, Biblioqrafiyaşünaslıq kafedrasının dosenti Solmaz Sadıqova və tarix üzrə fəlsəfə doktoru İradə Bayramovadır.
Monoqrafiyada Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsinə dair sənəd axını təhlil edilmiş, müvafiq ümumiləşdirmələr aparılmışdır. Tədqiqat əsərində ilk dəfə olaraq milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan kitabxanaçılıq və biblioqrafiya üzrə fəaliyyətə sənədşünaslıq - sənəd axını müstəvisində baxılmış, sahə üzrə sənəd axınının inkişaf mərhələləri, inkişaf meyilləri, müvafiq sahələr üzrə sənəd şleyfi öyrənilmiş, elmi mühitin formalaşması və bu prosesdə ayrı-ayrı görkəmli şəxslərin və müəssisələrin rolu müəyyən edilmişdir.
Eyni zamanda, monoqrafiyada müasir dövrdə kitabxanaçılıq və biblioqrafiya, habelə, kitabşünaslıq sahəsində sənəd axınının strukturu bibliometrik təhlilə cəlb edilmişdir. Əsər sahə mütəxəssisləri və geniş informasiya tələbatçıları üçün nəzərdə tutulmuşdur.