FAKÜLTƏ DEKANI MƏRUZƏ EDİB

Aprel ayının 23-də Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev giriş sözü ilə çıxış edərək bu gün münasibətilə Mədəniyyət Nazirliyi adından bütün kitabsevərləri təbrik edib. O, bildirib ki, kitab bilik mənbəyi, nəsildən nəsilə ötürülən bir vasitədir və həm də kitab yaradıcı əməyin məhsuludur. Bu baxımdan, Mədəniyyət Nazirliyi müəllif hüquqlarının qorunmasına, nəşriyyat fəaliyyətinə xüsusi önəm verir. Vaqif Əliyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun kitab və kitabxana sahəsi, nəşriyyatlarla bağlı verdiyi müvafiq sərəncamlar bu işdə mühüm rol oynamışdır. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxana rəhbərliyinə təşəkkürünü bildirmiş, həmçinin, Milli Kitabxanaya oxuculara yaratdığı şəraitə, pandemiya dövründə göstərdiyi yüksək səviyyəli virtual xidmətə görə minnətdarlıq etmişdir.
Sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Ulu Öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında”, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu”, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzularında məruzə ediblər. Konfransda BDU-nu təmsil edən Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən Ələmdar Cabbarlı məruzə ilə çıxış edərək Universitetdə bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, Kitabxanaçılıq-iformasiya fakültəsində müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında fənnlər tədris olunur, eyni zamanda fakültə əməkdaşları tərəfindən bu sahə üzrə monoqrafiya, dərs vəsaiti və elmi məqalələr çap olunmuş, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr tərəfindən həmin mövzuları əhatə edən buraxılış işləri və dissertasiyalar müdafiə olunmuşdur.
Sonda tədbir iştirakçıları “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günüdür” geniş sərgisi ilə tanış olublar.