FAKÜLTƏ KİTABXANA HƏFTƏSİNDƏ TƏMSİL OLUNUB

Türkiyədə 1964-cü ildən başlayaraq hər il mart ayının sonunda keçirilən Kitabxana Həftəsi tədbirləri çərçivəsində Kastamonu Universitetinin Bilgi və Bəlgə Yönətimi Bölümü və Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə onlayn tədbir keçirilib. Tədbirdə hər iki fakültənin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirin moderatoru – Kastamonu Universitetinin tələbəsi Tufan Cinge bildirib ki,1964-cü ildən bəri davam edən Kitabxana Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana işinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Qeyd edilib ki, həftə boyu müxtəlif tədbirlər, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edilir, nüfuzlu ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr dinlənilir.
Sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Pərviz Kazımi “Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda mühazirə oxuyub. Mühazirədə ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk Universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda Kitabxanaçılıq-informasiya fakültəsi barədə geniş məlumat verilib. Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb. Daha sonra Kastamonu Universitetinin Bilgi və Bəlgə Yönətimi bölümünün başqanı professor Hasan Keseroğlu və BDU-nun Kitabxanaçılıq-inflormasiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı pandemiya dövründə fakültələr arasında qarşılıqlı onlayn mühazirələrin təşkili, postpandemiya dövründə isə müəllim və tələbə mübadiləsinin mümkünlüyü barədə fikir mübadiləsi aparıblar.