FAKÜLTƏ TÜRKİYƏDƏ KEÇİRİLƏN PANELDƏ TƏMSİL OLUNUB
Türkiyə Cümhuriyyətinin Bartın Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün yaradılmasının 5 illiyi münasibətilə təşkil olunan konfransda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları üçün xüsusi panel təşkil olunub.
Açılış nitqində Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün başqanı, dosent Ahmet Altay qarşılıqlı əməkdaşlığın müxtəlif platformalarda inkişaf etdirildiyini, indiyə qədər birgə beynəlxalq elmi konfransların, ustad dərsləri və elmi seminarların keçirildiyini diqqətə çatdırıb, gələcək əlaqələrin perspektivindən bəhs edib.
Kastamonu Universitetinin professoru Hasan Keseroğlunun sədrliyi ilə keçirilən paneldə çıxış edən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Bartın Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün əməkdaş və tələbələrini bölümün yaradılmasının 5 illiyi münasibətilə təbrik edib. “Azəbaycanda informasiya və sənəd menecmenti: nəzəriyyədən praktikaya” mövzusunda məruzə edən dekan fakültənin tarixi, inkişaf mərhələləri və eləcə də hazırda kadr hazırlığı həyata keçirilən Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması ixtisasları barədə iştirakçılara geniş məlumat verib.
Paneldə fakültənin dosenti Pərviz Kazimi “İnformasiya mühəndisliyi” mövzusunda məruzə edib, fakültənin dosenti Rəşad Qardaşov ölkəmizdə ali kitabxanaçılıq təhsili haqqında məlumatları, əməkdaş Nəbibə Məmmədzadə tələbə həyatı, tələbə təşkilatları barədə informasiyaları iştirakçıların diqqətinə çatdırıb.