FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Tədqiqat və akademik məzmunun idarə olunmasında DSpace platformasının tətbiq imkanları: ADA Universiteti Kitabxanasının təcrübəsi əsasında” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Əzizə Cəbiyeva məruzə edib.
Məruzədə DSpace akademik platformasının əsas funksiyaları və üstünlükləri, akademik məzmunun açıq elmi mühitdə paylaşılması və müəllif hüquqları, həmçinin ADA Universiteti Kitabxanasında DSpace rəqəmsal repozitariya sisteminin tətbiqi təcrübəsi şərh olunub. Bildirilib ki, müasir dövrdə sənəd menecmentinin nəzəri və praktik problemlərinin, kitabxana-informasiya mühitində yeni texnologiyaların tətbiqi məsələlərinin tədqiqi xüsusi aktuallıq kəsb edir. Araşdırmada dünya miqyasında açıq elmi kommunikasiyanın inkişaf tendensiyaları təhlil olunub, rəqəmsal platformaların tədqiqat məlumatlarının qorunması, yayımlanması və paylanılmasındakı rolu diqqətə çatdırılıb. Açıq elmi repozitoriyaların akademik fəaliyyətdə şəffaflığın təmin olunmasına, elmi məhsuldarlığın ölçülməsinə və beynəlxalq inteqrasiyaya təsiri vurğulanıb. DSpace rəqəmsal repozitariya sisteminin tətbiqi imkanlarından bəhs edən gənc tədqiqatçı platformanın texniki və funksional imkanları, müəllif hüquqlarının qorunması, axtarışın optimallaşdırılması kimi mühüm istiqamətlər barədə seminar iştirakçılarına məlumat verib.
Tədqiqat zamanı əldə edilən nəticələrə ADA Universiteti Kitabxanasının təcrübəsi əsasında nəzər salınıb, ADA Universitetində DSpace tətbiqi ilə bağlı həyata keçirilən layihələr, rəqəmsal elmi resursların yaradılması, mühafizəsi və istifadəsi mexanizmləri izah edilib: “DSpace platforması vasitəsilə həm müəllimlərin, həm də tələbələrin elmi məqalələri, dissertasiyaları, eləcə də digər sənəd resursları elektron mühitdə qorunur və açıq elmi mübadiləyə təqdim olunur”. Məruzədə həmçinin DSpace platformasının ali təhsil müəssisələrində tətbiqi perspektivləri, informasiya təhlükəsizliyi, intellektual mülkiyyət hüquqlarının qorunması və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları kimi məsələlər şərh olunub.
Elmi seminar müzakirələrlə davam etdirilib.