FASİLƏSİZ TƏHSİL VƏ KİTABXANALAR

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Fasiləsiz təhsil prosesində kitabxanaların rolu" mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müəllimi Aygün Əliyeva mövzu ilə bağlı məruzə edib. Məruzəçi əvvəlcə fasiləsiz təhsil anlayışını izah edib, bu ideyanın tarixi, mənbələri və yaradıcıları barədə məlumat verib. Qeyd edib ki, fasiləsiz təhsil ideyası praktik olaraq XX əsrin məhsulu olsa da, onun mənbəyini görkəmli şəxsiyyətlərin, filosofların, o cümlədən Məhəmməd Peyğəmbər, Konfutsi, Aristotel, Sokrat, Platon, Nizami, Tusi, Bəhmənyarın fikirlərində tapmaq olar.
Məruzədə qeyd edilib ki, çağdaş dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar biliklərin əsasını təşkil edən məlumatlar sürətlə yeniləri ilə əvəz olunur və təkmilləşir. Belə şəraitdə bir dəfə ali təhsil almaqla ömürboyu bacarıqlı mütəxəssis kimi çalışmaq mümkün deyil. Ona görə də hər bir mütəxəssis mütəmadi olaraq biliklərini artırmağı, yenilikləri çevik şəkildə mənimsəməyi, informasiya tələbatını ödəməyi, özünü təkmilləşdirməyi bacarmalıdır. Bütün bunların həyata keçirilməsi isə fasiləsiz təhsil mühiti ilə birbaşa bağlıdır. Azərbaycan Respublikasında fasiləsiz təhsilin konseptual planda mühüm yer tutduğuna diqqəti yönəldən tədqiqatçı qeyd edib ki, “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda fasiləsiz təhsil prosesi öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası”nda fasiləsiz təhsilin mahiyyəti, prinsipləri, inkişaf tendensiyaları şərh olunmuşdur.
Araşdırmada fasiləsiz təhsil sisteminin formalaşmasında kitabxanaların aparıcı rol oynadığı diqqətə çatdırılmış, vurğulanmışdır ki, fasiləsiz təhsil sistemində kitabxanaların əsas missiyası müxtəlif yaş qruplarından olan oxucuları, o cümlədən müxtəlif peşə sahiblərini informasiya mənbələri ilə təmin etməkdir. Bu mənada kitabxanaların iştirakı olmadan fasiləsiz təhsil mühitinin qurulması, inkişaf etdirilməsi qeyri-mümkündür. Fasiləsiz təhsil prosesinin həyata keçirilməsində aparıcı həlqə olan kitabxanalar davamlı olaraq istifadəçilərin informasiya ehtiyaclarını dolğun, keyfiyyətli şəkildə ödəməyi qarşılarına məqsəd qoyurlar. Xüsusilə, innovativ texnologiyaların kitabxana işinə tətbiqi fasiləsiz təhsil prosesinin çağdaş dövrdə inkişafına zəmin yaradır. Məruzədə o da qeyd olunub ki, son illər yeni növ koronavirus (COVİD - 19) xəstəliyinin kütləvi yayılması fasiləsiz təhsilin və eləcə də kitabxanaların bu prosesdəki rolunun çəkisini əhəmiyyətli dərəcədə artırıb.
Elmi seminar diskussiyalarla davam etdirilib.