GƏNCLƏR KİTABXANASINA DAİR ELMİ SEMİNAR
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının komplektləşdirilmə mənbələri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Lalə Məmmədova məruzə edib.
Məruzədə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyət istiqamətləri öyrənilib, kitabxananın strukturu, fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada həyata keçirilən elektronlaşdırma prosesləri araşdırılıb, kitabxananın elektron informasiya resursları təhlil olunub. Kitabxananın komplektləşdirilməsinin müxtəlif mənbələr vasitəsilə həyata keçirildiyini bildirən məruzəçi fondun formalaşmasında rol oynayan satınalmalar, ölkə nəşriyyatları ilə birgə fəaliyyət, müəlliflər və digər hüquqi və fiziki şəxslər tərəfindən kitabxanaya hədiyyə edilən kitablar, digər kitabxanalarla aparılan resurs mübadiləsi barədə ətraflı məlumat verib, xüsusilə elektron informasiya resurslarının davamlı olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb: “Kitabxananın müvafiq şöbəsi tərəfindən elektron kitabxanaya daxil edilən resursların sayı davamlı olaraq artırılır, gənc oxucuların maraq dairəsində yer tutan sahələr üzrə yerli və xarici müəlliflərin əsərləri fonda daxil edilir”.
Komplektləşdirilmədə strateji planlaşdırmanın vacibliyini vurğulayan tədqiqatçı aktual mövzuların və mövzulara görə alt kateqoriyaların müəyyənləşdirilməsi, yeni nəşrlərin seçimi və gələcək fond ehtiyacının təhlili, oxucuların maraq dairəsinin və oxucu zövqünün izlənilməsi, abunəliklərin idarə olunması, həmçinin maliyyə resurslarının səmərəli istifadəsi kimi məsələləri şərh edib. Kitabxananın müəlliflərlə görüşləri, təşkil etdiyi imza günləri və kitab təqdimatları, ali təhsil müəssisələri ilə, xarici kitabxanlarla əlaqələri, rəqəmsal platformalarda iştirakı kimi istiqamətləri araşdırıb. Məruzədə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fondunun inkişaf dinamikası qrafik şəklində təqdim olunub, bir sıra müqayisəli təhlillər aparılıb.
Elmi seminar müzakirələrlə davam edib.