GÜLƏR DƏMİRİN USTAD DƏRSİ

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi ilə Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi fakültəsi arasında pandemiya dövründə qarşılıqlı onlayn mühazirələrin təşkili barədə razılaşmaya əsasən növbəti mühazirə baş tutub. Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi fakültəsinin dekan müavini, kitabxanaçılıq təhsili üzrə tanınmış mütəxəssis, dosent Gülər Dəmir Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinə Kitabxana-informasiya fəaliyyətinin menecmenti fənnindən “Dünya ölkələrində kitabxanaçılıq təhsili” mövzusunda onlayn mühazirə oxuyub.
Gülər Dəmir əvvəlcə XVII əsrdən başlayaraq ABŞ-da kitabxanaçılıq təhsili verən ilk kursların fəaliyyəti barədə məlumat verib, XIX əsrin ikinci yarısından isə bu sahədə ciddi dönüş yarandığını diqqətə çatdırıb. 1887-ci ildə Kolumbiya kollecində (indiki Kolumbiya Universiteti) amerika kitabxanaşünası Melvil Düi tərəfindən ilk kitabxanaçılıq təhsili verən məktəbin yaradıldığını və bu sahə üzrə dərginin çapına başlanıldığını qeyd edib. XX əsrin əvvəllərindən başlayaraq artıq bu istiqamət üzrə elmi konfransların, simpozyumların keçirildiyini, elmi məqalələrin dərc olunduğunu, peşə birliklərinin yaradıldığını bildirən tədqiqatçı 1920-30-cu illərdən ABŞ, İngiltərə, Fransa, Kanada kimi ölkələrin universitetlərində kitabxanaçılıq təhsilinin tədrisinə başlanıldığını, bu tendensiyasının tədricən bütün dünyaya yayıldığını diqqətə çatdırıb. Türkiyə Cümhuriyyətində bu sahənin inkişafından bəhs edən alim bildirib ki, ali kitabxanaçılıq təhsilinə 1954-1955-ci tədris ilindən Ankara Universitetində başlanılıb, 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır, hazırda isə Türkiyədə 13 universitetdə kitabxanaçı mütəxəssislər yetişdirilir. Daha çox elektron kitabxana, elektron kataloqlaşdırma istiqamətində kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdıran alim informasiya əsrində bəhs olunan fəaliyyət sahəsinin xüsusi önəm kəsb etdiyini bildirib. Vurgulayıb ki, yeni dövrün çağırışlarına adekvat olaraq kitabxana anlayışı tədricən informasiya anlayışı ilə əvəz olunur və informasiya əsrinin bu kimi yenilikləri tədris proqramlarında da nəzərə alınmalı, təhsil prosesi məhz bu istiqamətdə qurulmalıdır.
Dosent Gülər Dəmirin mühazirəsi dinləyicilərin marağına səbəb olub, müəllimlər və tələbələr tərəfindən alimə çoxsaylı suallar ünvanlanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.