"KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ"NƏ HƏSR OLUNMUŞ TƏDBİR
Bakı Dövlət Universitetində YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı Universitetin İnformasiya və sənəd menecmenti fakültəsi ilə birgə "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya: Milli Birliyin Rəmzi” adlı tədbir keçirib.
Tədbirdə YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, prof. Zahid Cəfərov, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, f.e.ü.f.d, dos.Ələmdar Cabbarlı, ərazi üzrə partiya üzvləri, İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Konstitusiya və Suverenlik İli”n əhəsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edən YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, h.e.d, prof. Zahid Cəfərov öncə "Konstitusiya və Suverenlik İli” haqqında məlumat verib. Qeyd olunub ki, Konstitusiya hər bir dövlətin əsas qanunu, hüquqi sisteminin təməlidir. O, xalqın iradəsini, hüquq və azadlıqlarını təmin edən ən vacib sənəddir. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb. Suverenlik isə bir dövlətin müstəqilliyini və öz taleyini sərbəst şəkildə müəyyən etmə haqqını ifadə edir. Azərbaycan xalqı tarix boyu suverenliyini qorumaq uğrunda mübarizə aparıb və bu gün də onu gücləndirmək üçün birgə çalışır. Milli birlik Konstitusiyanın əsas dəyərlərindən biridir. Bu birlik sayəsində dövlətimizin müstəqilliyi möhkəmlənir, hüquqlarımız qorunur və gələcəyimiz təmin edilir. Hər bir vətəndaş Konstitusiyaya hörmət etməli, onu yaşatmalı və suverenliyimizi daim uca tutmalıdır. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qloballaşan dünyada nüfuzlu ölkə olaraq söz sahibidir. Bütün bunlar da milli birlik və milli suverenliyimizin vasitəsi ilə möhkəm təməllər üzərində qorunur və inkişaf edilir.
Çıxış edən İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, f.e.ü.f.d, dos.Ələmdar Cabbarlı bildirib ki, Konstitusiya dövlətin hüquqi-siyasi sütunudur və xalqın iradəsinin rəsmi ifadəsidir. O, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir, dövlətin idarəçilik sistemini tənzimləyir. Suverenlik isə dövlətin müstəqilliyini və öz siyasətini sərbəst müəyyən etmək haqqını ifadə edir. Azərbaycanın suverenliyi xalqımızın azadlıq arzularının gerçəkləşməsi deməkdir. Məhz bu suverenlik sayəsində ölkəmiz müstəqil siyasət yürüdür və öz milli maraqlarını qoruyur. Milli birlik isə suverenliyin və Konstitusiyanın əsas dayağıdır. Xalq bir olduqda, dövlət daha güclü olur. Azərbaycan Konstitusiyası hər bir vətəndaşı milli maraqlara sahib çıxmağa və ölkənin inkişafı üçün çalışmağa səsləyir. Bizim vəzifəmiz Konstitusiyamıza hörmət edərək suverenliyimizi qorumaq və milli birliyimizi daha da möhkəmləndirməkdir. Bu yolda hər birimizin rolu mühümdür.
Kitabxanaşünaslıq kafedrasının müdiri, dos. Elçin Əhmədov vurğulayıb ki, Konstitusiya hər bir xalqın azadlığının və dövlət quruculuğunun əsasını təşkil edir. O, hüquq sistemimizin təməlini qoyaraq vətəndaşlarımızın hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Suverenlik ölkəmizin müstəqilliyini təmin edən əsas amildir. Dövlətin gücü onun suverenliyini qorumaq bacarığında və xalqının birliyindədir. Azərbaycan xalqı öz Konstitusiyası əsasında milli birliyini möhkəmləndirərək, müstəqilliyini daha da gücləndirir. Hər bir vətəndaş Konstitusiyanın prinsiplərinə əməl etməli, suverenliyimizin qorunması üçün çalışmalıdır. Milli birlik və hüquqi sabitlik dövlətimizin inkişafına xidmət edir. Dos. Solmaz Sadıqova, dos.Rəşad Qardaşov və f.e.ü.f.d Sevda Quliyeva çıxış edərək bildiriblər ki, Azərbaycan Konstitusiyası xalqın iradəsini ifadə edərək, ölkəmizin demokratik inkişafına zəmin yaradır. Suverenliyimizin qorunması üçün milli birlik, güclü qanunvericilik və vətəndaşların konstitusiyaya sadiqliyi vacibdir. Hər birimiz Konstitusiyaya hörmət etməli, suverenliyimizi qorumaq üçün çalışmalıyıq. Güclü dövlət və firavan gələcək yalnız qanunun aliliyinə və milli həmrəyliyə əsaslanaraq mümkündür.