MAGISTRANT İLAHƏ ƏHMƏDOVANIN ELMİ SEMİNARI

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminar keçirilib. Elmi seminarda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının magistrantı İlahə Əhmədova “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında” mövzusunda məruzə edib. Məruzəçi ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamının gənc tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyduğunu və onlar üçün böyük stimul yaratdığını bildirib. Nizami Gəncəvinin bizə gəlib çatmış 900-ə yaxın əlyazmasının mövcud olduğunu qeyd edən gənc tədqiqatçı bildirmişdir ki, bu say təqribi xarakter daşıyır, çünki, farsdilli əlyazmaların kataloqlarına nəzər salsaq bu zaman onların Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmədiyini görə bilərik. Bu isə tarixi hadisələrin nəticəsində əlyazmaların bütün dünyaya, eyni zamanda xüsusi kolleksiyalara səpələnməsi faktına əsaslanır. Dünyanın bir çox ölkəsində, xüsusilə Şərqdə bir sıra kolleksiyalar vardır ki, onlarda mövcud olan əlyazmaların kataloqu yoxdur. Tədqiqatçı Fransa Milli kitabxanasında, Kembric Universitet kitabxanasında, Tehran Milli kitabxanasında, Nyu-York Metropoliten muzeyində, İstanbul Nuri Osmaniyə kitabxanasında və digər arxiv və kitabxanalarda saxlanılan nüsxələrdən nümunələr gətirmiş, müqayisəli təhlillər aparmışdır. Qeyd olunmuşdur ki, dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan Nizami əlyazmaları tərtibat baxımından da mükəmməldir. Onların içərisində sujetli miniatürlər, naxışlar, başlıqlara vurulmuş bəzəklər, döymə üsulla bəzədilmiş dəri cildlərin rəngarənglikləri ilə seçildiyi diqqətə çatdırılmış, belə nəfis tərtibatlı əlyazmalardan bəzilərinin M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığı vurğulanmışdır.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla dinlənilib, dekan müavini Zahidə Rzayeva, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, dosent Nailə Mehrəliyeva, fəlsəfə doktorları Sevda Quliyeva, Leyla Abasova, Fakültə TEC-in sədri Ülkər Cabarova məruzə ilə bağlı fikirlərini bildirib, gənc tədqiqatçıya suallar ünvanlayıblar.