“MƏDƏNI İRS” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Mədəni irs” mövzusunda maarifləndirici tədbir keçirilib.
İnformasiya və sənəd menecmenti fakültəsi üzrə TEC-in Aynur Ələsgərova bu kimi maarifləndirici tədbirlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasına, mədəni irsə məsuliyyətli münasibətin gücləndirilməsinə və gələcək peşə fəaliyyətlərində müasir elmi yanaşmaların tətbiqinə mühüm töhfə verdiyi bildirib.
Tədbirdə BDU-nun Sənəd menecmenti kafedrasının müdiri dosent Nadir İsmayılov məruzə edib. Məruzədə mədəni irsin qorunmasının və elmi əsaslarla öyrənilməsinin müasir cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Mədəni irsin tarixi-mədəni dəyər olmaqla yanaşı, eyni zamanda elmi-tədqiqat obyekti və informasiya resursu kimi əhəmiyyətini diqqətə çatdırılıb. Nadir İsmayılov qeyd edib ki, arxiv, kitabxana və muzey fondlarında mühafizə olunan sənədlər mədəni irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. O, həmçinin rəqəmsallaşdırma proseslərinin mədəni irs resurslarının qorunması və istifadəsinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirin əsas məqsədinin mədəni irsin maddi və qeyri-maddi komponentləri, Azərbaycanın zəngin tarixi-mədəni irs nümunələri, eləcə də sənəd resurslarının mədəni irsin qorunmasında rolu barədə tələbələri maarifləndirmək olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, tələbələr arasında mədəni irs sahəsində elmi-tədqiqata marağın artırılmasının vacibliyi qeyd olunub.