MƏRKƏZİ ELMİ KİTABXANA - 100
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Ayşən Bağırzadə “AMEA Mərkəzi Elmi Kitabxanasının elektron resursları” mövzusunda məruzə edib.
Gənc tədqiqatçı əvvəlcə AMEA MEK-in yaranma şəraiti və tarixi barədə məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, qurum 1925-ci ildə “Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti”nin nəzdində fəaliyyətə başlayıb. Məruzədə kitabxananın formalaşma və inkişaf mərhələləri xronoloji baxımdan izlənilib. Ölkə başçısı İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən kitabxananın yeni, müasir binasının tikildiyini vurğulayan tədqiqatçı qeyd edib ki, hazırda kitabxana ən müasir avadanlıqlarla təchiz olunub, ötən dövr ərzində qurumun kadr potensialı inkişaf etdirilib.
Son dövrlər Mərkəzi Elmi Kitabxananın elektron resurslarının təkmilləşdirildiyindən bəhs edən məruzəçi 2024-cü ilin sentyabrında “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat keçirildiyini, bu istiqamətdə görülən işlərin müzakirə olunaraq yeni hədəflərin müəyyən edildiyini diqqətə çatdırıb: “Kitabxananın müvafiq şöbələri tərəfindən elektron kitabxanaya daxil edilən resursların sayı davamlı olaraq artırılır. Burada kitablar, jurnallar, avtoreferatlar, kitabxananın öz nəşrləri və digər biblioqrafiyalar, nadir kitablar yer alır”. Araşdırmada müəssisənin “Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi” şöbəsinin fəaliyyəti xüsusi təhlil olunub. Qeyd edilib ki, şöbə kitabxana-informasiya xidmətinin modernləşdirilməsi, informasiya təminatının optimallaşdırılması, zaman və məkan məhdudiyyəti olmadan uzaq məsafədən elektron informasiya xidmətinin göstərilməsi istiqamətlərində fəaliyyət göstərir: “Kitabxananın “Reproqrafiya” şöbəsi isə bədii, elmi, fəlsəfi kitabları, klassik ədəbiyyat nümunələrini, qəzet, jurnal məqalələrini elektron formata salmaq, xüsusi proqramda konvertasiya etmək, bir formatda elektron bazaya daxil edərək oxucuların istifadəsinə verilməsi işini həyata keçirir”.
Məruzədə kitabxananın elektron resusların inkişaf dinamikası qrafik şəklində təqdim edilib, müəyən müqayisəli təhlilər aparılıb, kitabxanada keçirilən e-sərgilər və e-layihələr barədə məlumat verilib, həmçinin kitabxananın beynəlxalq bazalardan, nüfuzlu elmi resurslardan istifadə imkanları öyrənilib.
Tədbirdə iştirak edən AMEA MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov rəhbərlik etdiyi qurumun fəaliyyətinə verilən qiymətə görə seminar iştirakçılarına və məruzəçiyə təşəkkürünü bildirib. Mərkəzi Elmi Kitabxana ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında müxtəlif platformalarda, o cümlədən kitabxana əməkdaşlarının fakültədə tədrisə cəlb edilməsi, tələbələrə kitabxanada təcrübə keçmək imkanlarının yaradılması, birgə konfransların, ustad dərslərinin və elmi seminarların təşkili istiqmətlərində əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb.
Elmi seminar müzakirələrlə davam edib.