MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş xüsusi dərs keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Liderimiz Heydər Əliyevin və müstəqilliyimizin qazanılması, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Xüsusi dərs Tarix fakültəsinin dosenti Xumar Səfərovanın mühazirəsi ilə davam edib. Dosent Xumar Səfərova mühazirəsində xalqımızın azadlıq və suverenlik uğrunda mübarizə tarixini xronoloji baxımdan geniş şərh edib. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra da xalqımızın müstəqillik arzularının sarsılmadığını bildirib. Dövlət müstəqilliyimizin bərpasına gedən yolun keşməkeşli olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev sovet rejiminin təqib və təzyiqlərinə baxmayaraq, bu yolun təməlini qoyub, bugünkü azad, müstəqil və suveren respublikanın qurulması üçün zəmin yaradıb. Xumar Səfərova müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz fəaliyyətini tarixi faktlarla şərh edib: “Bu gün biz bir xalq olaraq ən qürurlu tarixi mərhələni yaşayırıq. Ulu Öndərimizin möhkəm təməllərini yaratdığı müstəqil Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün dünyada ən yüksək nüfuza malikdir”.
18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş xüsusi dərs fakültə tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii proqramla davam edib.