ÖZBƏKİSTANLI ALİMİN USTAD DƏRSİ
Özbəkistanın Qo'qon Dövlət Universitetinin dosenti Bekzot Baratbayev Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda ustad dərsi keçib.
Dosent Bokzot Baratbayev Özbəkistanda kitab, kitabxana və biblioqrafiya mədəniyyətinin inkişaf istiqamətləri, bu sahədəki tarixi mərhələlər və müasir çağırışlar barədə iştirakçılara geniş məlumat verib. Natiq kitabxanaçılıq və informasiya fəaliyyəti üzrə kadr hazırlığı sisteminin formalaşma və inkişaf tendensiyalarından bəhs edərək, Azərbaycan və Özbəkistan təcrübələrini müqayisəli təhlil edib. Məruzədə vurğulanıb ki, hər iki ölkədə bu sahə üzrə təhsil yeni texnologiyalar, rəqəmsal transformasiya və informasiya xidmətlərinin inteqrasiyası kontekstində yenidən strukturlaşdırılır.
Ustad dərsində həmçinin sahə üzrə kadr hazırlığında inteqrasiya meyilləri, beynəlxalq təcrübə, universitetlərarası əməkdaşlıq modelləri və ortaq layihələrin həyata keçirilməsi kimi mühüm istiqamətlər əksini tapıb.
Diskussiya formatında davam edən dərsdə tələbə və müəllim heyəti fəal iştirak edib, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.