PROFESSOR BÜLENT YILMAZIN USTAD DƏRSİ
Türkiyə Cümhuriyyəti Hacettepe Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün professoru Bülent Yılmaz Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün türk xalqlarının kitab və kitabxana mədəniyyəti fənnindən “Türkiyədə kitabxanaçılıq təhsili: bu günü və gəlcəyi” mövzusunda ustad dərsi keçib.
Professor Bülent Yılmaz Türkiyədə kitabxanaların yaranma tarixi barədə məlumat verib, Səlcuklar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanaları haqqında danışıb. Türkiyədə bu sahənin Cümhuriyyət dövründə inkişaf etdiyini vurğulayıb. Professor mühazirəsində bildirib ki, Türkiyədə ali kitabxanaçılıq təhsilinə 1954-1955-ci tədris ilindən Ankara Universitetində başlanılıb, 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır.
Hazırda daha çox elektron kitabxana, elektron kataloqlaşdırma istiqamətində kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdıran professor Türkiyədə ali kitabxanaçılıq təhsilinin innovativ modellər əsasında qurulduğunu və davamlı olaraq inkişaf etdiyini bildirib.